Türkiyənin aşağı büdcəli aviaşirkəti “Pegasus”, ötən gecə saat 00:05-də Bodrumdan Moskvaya uçuşu planlaşdırılan reysi ləğv edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediası və Telegram kanalları məlumat yayıb.
PC1456 reysindəki sərnişinlərin sözlərinə görə, onlara bütün Türkiyə aviaşirkətlərinin "Rusiya hava məkanındakı vəziyyət" səbəbindən uçuşları ləğv etdiyi bildirilib.
Vnukovo Hava Limanının uçuş lövhəsində Moskvadan bir neçə “Pegasus” reysinin ləğv edildiyi də göstərilir: ikisi İstanbula, biri Bodruma və biri Dalamana.
Bundan əlavə, uçuş lövhələrinə görə, İstanbula ən azı iki “Türk Hava Yolları”nın reysi, Şarm əl-Şeyxə bir “Nesma Hava Yolları”nın reysi də ləğv edilib.
Ötən gecə təhlükəsizlik səbəbi ilə Vnukovo Hava Limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Moskva vaxtı ilə səhər saat 6:00 radələrində "Rosaviasiya" məhdudiyyətlərin aradan qaldırıldığını elan edib.
Xatırladaq ki, dünən axşam Volodimir Zelenski Rusiyaya uçan aviaşirkətlərə xəbərdarlıq edib. O deyib ki, Rusiya səması "təhlükəli hala gəlir”.
Belə ki, Rusiya səmasında Ukrayna dronları daha çox olacaq: "Tərəfdaşlarımızı xəbərdar edirik: Rusiya səmasında təhlükəsiz dövrlər bitdi".
“AzPolitika.info”

Şərhlər