Rusiyalılar dron hücumları səbəbindən hava limanlarının vaxtaşırı bağlanmasına hazır olmalıdırlar.

“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın Nəqliyyat naziri Andrey Nikitin Şərq İqtisadi Forumunda deyib. Rusiya mediası onun açıqlamalarını yayıb.

O bu cür tədbirlərin təhlükəsizlik məqsədləri üçün zəruri olduğunu bildirib. 

"Amma biz yaxın illərdə bunun öhdəsindən mütləq gələcyik”, - deyə o vəd edib.

Nikitin həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya üzərindən uçuş təhlükələri barədə xəbərdarlığına baxmayaraq, hakimiyyət orqanlarının mülki aviasiya əməliyyatlarında "əhəmiyyətli fasilələrə yol verməyəcəyinə” əminlik verib. Bununla yanaşı, nazir ilk dəfə olaraq aviaşirkətlər üçün yanacaq təchizatı problemlərinin mövcudluğunu etiraf edib. O bildirib ki, 1 iyunda ixracı qadağan edilmiş reaktiv yanacaqla bağlı vəziyyət "ideal deyil": "Çətinliklər var və ola bilər".

Xatırladaq ki, dünən Zelenski Rusiya səmasının mülki aviasiya üçün "tamamilə təhlükəli" hala gəldiyini və aviaşirkətlərin Ukrayna dronlarının mövcudluğunu nəzərə almalı olduğunu bəyan edib. O bildirib ki, bu, ilk növbədə Moskva, Sankt-Peterburq və digər böyük şəhərlərə aiddir. Ukrayna həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müvafiq bildiriş göndərib və aviaşirkətləri artan hərbi fəaliyyət səbəbindən Rusiya hava məkanından yayınmağa çağırıb. Bunun ardınca Türkiyənin ən böyük özəl aviaşirkəti olan “Pegasus”, Moskvaya gedən bir neçə təyyarənin istiqamətini dəyişib və Rusiyaya onlarla uçuşu ləğv edib.

“AzPolitika.info”