Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya hava məkanının mülki aviasiya üçün təhlükəli olması ilə bağlı xəbərdarlığından sonra ardıcıl iki gecədir ki, Moskvanın Vnukovo və Şeremetyevo hava limanları fəaliyyət göstərə bilmir.
“AzPolitika” xəbər verir ki, sosial mediada yayımlanan bu məlumatları "Rosaviasiya"dan təsdiqləyiblər. Qurumdan mediaya bildirilib ki, "Təyyarələrin gəlişi və yola düşməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib".
Artıq Moskvanın üç hava limanı fəaliyyətini dayandırıb. “Flightradar24”-ün məlumatına görə, Şeremetyevoda 21 uçuş ləğv edilib və 235 uçuş gecikib, Vnukovoda isə 22 uçuş ləğv edilib və 94 uçuş gecikib.
Xatırladaq ki, Zelenski sentyabrın 1-də aviaşirkətlərə və sığortaçılara xəbərdarlıq edib. O bəyan edib ki, Ukrayna Rusiya hərbi qüvvələrinin mülki infrastrukturlara hücumlarına cavab olaraq Rusiya ərazisinə dron hücumlarını gücləndirəcək. Həmçinin, Ukrayna rəsmən Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) Rusiya hava məkanının təhlükəli statusu barədə məlumat verib. Eyni zamanda, Ukrayna ICAO-dan üzv dövlətləri Rusiya hava məkanı üzərində mülki təyyarələrə tamamilə qadağa qoymağa çağırmasını istəyib.
“Rosaviasiya” isə Ukraynanın Rusiya hava məkanı ilə bağlı dərc etdiyi bütün sənədlərin hüquqi əsasının olmadığını bəyan edib. O, həmçinin Ukraynanın hərəkətlərinin “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanı pozduğunu” bildirib. Xatırladaq ki, müharibənin başladığı ilk gündən Rusiya Ukarynada mülki aviasiyanın fəaliyyətini mümkünsüz edib…
“AzPolitika.info”

Şərhlər