"Mənə qarşı şikayətçi olan "Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun həbs edilməsi məni təəssüfləndirdi. O, yaxşı adam idi, Allah onun qapısını açsın".

"AzPolitika" xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Şərur" MTK tikinti şirkətinin rəhbəri, tanınmış iş adamı İsfəndiyar Axundov dələduzluqda təqsirləndirilərək 13 il azadlıqdan məhrum edilən E.Səməndərovun barəsində olan məhkəmə hökmünə münasibət bildirərkən deyib. İş adamı bildirib ki, E.Səməndərov barəsində şikayətçi deyil:

"Mən onun heç vaxt pisliyini istəməmişəm. O, yaxşı adam idi, amma savadsız idi. Allah onun qapısını açsın, Allah köməyi olsun. Ondan inciməmişəm də, mübahisəm də olmayıb. Ortada maraqlı şəxslər var idi ki, onu yoldan çıxarmışdılar. Mən ondan şikayət etməmişəm. O, kimlərinsə sözü ilə məndən şikayət etmişdi, axırı da tora özü düşdü. İnsandır da, savadsız adamdır. Sonra məndən üzr istədi, bağışladım".


Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə "Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərova hökm oxunub. Ona qarşı xüsusilə külli miqdarda dələduzluq maddəsi cinayət işi başlanılmışdı. Cinayət işinin istintaqı zamanı onun eyni mənzili bir neçə nəfərə satması sübuta yetirilmişdi.

Qeyd edək ki, E.Səməndərov bir müddət əvvəl "Şərur" MTK-nın sahibi, iş adamı İsfəndiyar Axundovun bir mənzili bir neçə nəfərə satmasını iddia edərək, onun barəsində hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Aparılan araşdırmalarla fakt təsdiqini tapmamışdı. Sonradan E.Səməndərov özü eyni əməldə təqsirləndirilib, barəsində cinayət işi başlanılmışdı.