Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl olunmasına nəzarəti daha da sərtləşdirməyə, eyni zamanda Moskvaya təzyiqi artırmağa və Ukraynaya dəstəyi genişləndirməyə hazırlaşır.
“AzPolitika” xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas İrlandiyada keçirilən Aİ ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra açıqlayıb.
Kallas bildirib ki, Avropa İttifaqı sanksiyalara əməl olunmasına nəzarətin gücləndirilməsi ilə bağlı yeni təkliflər üzərində işləyir.
“Biz sanksiyalara əməl olunmasına nəzarətin sərtləşdirilməsi ilə bağlı yeni təkliflər üzərində işləyirik və yeni sanksiyalar tətbiq etməkdə davam edirik. Avropanı qorxutmaq cəhdləri uğursuz olacaq”, – deyə o vurğulayıb.
Aİ-nin xarici siyasət rəhbəri, həmçinin Rusiya vətəndaşlarına qarşı viza məhdudiyyətlərinin sərtləşdirilməsi məsələsinə toxunub.
Onun sözlərinə görə, Aİ ölkələrinin xarici işlər nazirləri arasında Rusiyanın keçmiş döyüş iştirakçıları üçün Avropa İttifaqına giriş qadağasının tətbiq edilməsi ideyasına geniş dəstək var. Eyni zamanda, rusiyalı turistlər üçün viza qaydalarının daha da sərtləşdirilməsi təklif olunur.
Kallas bildirib ki, Aİ ölkələri arasında dondurulmuş Rusiya aktivlərindən Ukraynanın maliyyələşdirilməsi üçün istifadə olunması məsələsi də yenidən müzakirə edilib. Onun sözlərinə görə, bu mövzuda müzakirələr davam etdiriləcək.
Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi əlavə edib ki, üzv ölkələr Rusiyanın davam edən hücumlarına qarşı Ukraynaya əlavə yardım göstərmək barədə öhdəlik götürüblər. “Bu gün üzv ölkələrin uzun müddətdir tələb etdiyimiz hava hücumundan müdafiə vasitələrinin təqdim edilməsi ilə bağlı açıqlamalarını məmnuniyyətlə qarşıladıq”, – deyə Kallas qeyd edib.
Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının növbəti mərhələsinin detalları da açıqlanmağa başlayıb. Daha əvvəl Avropa mediasında yayılan məlumatlara görə, yeni məhdudiyyətlər Rusiyadakı, işğal edilmiş Krımdakı və Şimali Koreyadakı uşaq düşərgələrinə, həmçinin Ukraynanın Rusiya ordusunun nəzarətində olan ərazilərində təhsilə cavabdeh vəzifəli şəxslərə şamil edilə bilər.
Yeni sanksiyaların Tatarıstan rəhbəri Rüstəm Minnixanov da daxil olmaqla bir sıra şəxsləri əhatə edə biləcəyi bildirilir. Məlumata görə, Brüssel ümumilikdə təxminən 1600 fiziki və hüquqi şəxsə qarşı yeni məhdudiyyətlər hazırlayır. Yeni sanksiyalar paketinin oktyabr ayında təsdiqlənməsi planlaşdırılır.
Rasim
“AzPolitika.info”

Şərhlər