Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün ölkəsindən Azərbaycana ilk ixrac əməliyyatının artıq baş tutduğunu və bununla bağlı şirkətlərin yaxın zamanda açıqlama verəcəyini bildirib.

Beləliklə, Azərbaycandan Ermənistana yanacaq ixracından sonra əks istiqamətdə də ticarət başlayır. Bəs Ermənistandan Azərbaycana hansı məhsullar gələ bilər?

İqtisadçı Eldəniz Əmirov bildirir ki, bunu müəyyən etmək üçün ilk növbədə Ermənistanın özünün istehsal və ixrac strukturuna baxmaq lazımdır: “Çünki son illərdə bu ölkənin ixracında qızıl, qiymətli metallar və bəzi elektronika məhsullarının re-eksportu böyük yer tutub. 2025-ci ildə Ermənistanın ümumi ixracı 36,1% azalsa da, Ermənistan mənşəli məhsulların ixracı təxminən 10% artıb. Yəni ümumi ixracdakı azalma ölkənin öz istehsalı olan məhsulların ixracının azalması demək deyil”.

Onun sözlərinə görə, bu artımın mühüm istiqamətlərindən biri ərzaq və kənd təsərrüfatıdır.

“2025-ci ildə hazır qida məhsullarının ixracı 28,7% artaraq təxminən 1,25 milyard dollara, bitki mənşəli məhsulların ixracı isə 24,2% artaraq 300 milyon dollara çatıb. Ermnistan xarici bazarlara şokolad və qənnadı məmulatları, konservlər, meyvə şirələri, mineral sular, şərab və konyak, həmçinin təzə və qurudulmuş meyvə-tərəvəz ixrac edir”, - o əlavə edib.

E.Əmirov qeyd edir ki, bu sahələrdə istehsal artımı 2026-cı ildə də davam edib. İlin ilk yarısında qida istehsalı 6%, içki istehsalı 16,6% artıb. Qida sənayesinin Ermənistanın emal sənayesində payı 30%-dən çoxdur. Bunun nəticəsidir ki, 2026-cı ilin ilk 7 ayında Ermənistanın aqrar-ərzaq ixracı 849 milyon dollar təşkil edib.

İqtisadçının sözlərinə görə, Azərbaycana mümkün ixrac yalnız ərzaq məhsulları ilə də məhdudlaşmaya bilər: “Ermənistan sənayesinin bir sıra sahələrində də istehsal artır. 2026-cı ilin ilk yarısında kimya səneayesi istehsalı 73,2%, əsas metalların istehsalı 32,1%, hazır metal məmulatları 34,2%, rezin və plastik məmulatları 6,5% artıb. Mədən sənayesi də ölkənin əsas ixrac sahələrindən biridir və 2025-ci ildə bu sahənin məhsullarının ixracı 18,9% artaraq 1,21 milyard dolları keçib”.

Ekspert vurğulayır ki, bütün bunlar Ermənistanın ixrac bazarlarını genişləndirməyə çalışdığı dövrə təsadüf edir. Hökumətin 2025–2030-cu illər ixrac strategiyasında yerli məhsulların ixracının təxminən 1,7 dəfə artırılaraq ildə 6,6 milyard dollara çatdırılması hədəflənir. Azərbaycan bazarının açılması da Ermənistan üçün bu şaxələndirmənin yeni istiqamətlərindən birinə çevrilə bilər.

“Mövcud istehsal və ixrac strukturuna baxdıqda, gələcəkdə Ermənistandan Azərbaycana təzə və qurudulmuş meyvə-tərəvəz, konservlər və meyvə şirələri, şoklad və qənnadı məhsulları, mineral sular və digər içkilər, şərab və digər alkoqollu içkilər,kimya məhsulları, plastik və rezin məmulatları, metal və digər sənaye məhsulları, iqtisadi baxımdan sərfəli olarsa, mis və digər filiz konsentratları, molibden və metallurgiya məhsullarının ixrac potensialı var. Amma təbii ki, bunlar Ermənistanın ixrac imkanlarına əsaslanan potensial məhsullardır. Konkret olaraq hansı malların Azərbaycan bazarına daxil olacağını isə qiymət, keyfiyyət, tələbat, logistika və yerli məhsullarla rəqabət müəyyən edəcək”, - o qeyd edib.

Rasim

“AzPolitika.info”