Bir-neçə həftə bundan öncə deputat Eldar İbrahimovun qardaşına məxsus “Kövsərbank”ın səhmlərinin 76 faizinin kənar investora satıldığı haqda məlumat vermişdik. Bunun səbəbi kimi “Kövsərbank”ın Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı və məcmu kapital tələbi ilə bağlı problemləri həll edə bilməməsi göstərilirdi.

Məlumatda deyilirdi ki, bankın İdarə Heyətinin sədri Hidayət İbrahimov bankı çətin vəziyyətdən xilas etmək üçün uzun müddət ciddi səylər göstərsə də, buna nail ola bilməyib. Hətta qardaşının ölkənin nüfuzlu millət vəkillərindən biri olması faktı da “Kövsərbank” rəhbərinə kömək etməyib. Elə buna görə də Hidayət İbrahimov faktiki olaraq bankın səhmlərinin böyük hissəsini Fond Birjasına çıxararaq satmaq məcburiyyətində qalıb.

Bu məqsədlə yola saldığımız ilin dekabr ayının 25-də Bakı Fond Birjasında “Kövsərbank”ın 38 milyon manatlıq səhmləri yerləşdirilib. Hansı ki, elə həmin gün başa çatacaq emissiya nəticəsində bankın nizamnamə kapitalı 12 milyon manatdan 50 milyon manata, məcmu kapitalı isə 12,5 milyon manatdan 50,5 milyon manata çatmalı idi. Gözləntilər özünü doğruldub və qeyd olunan günün ikinci yarısında “Kövsərbank”ın rəsmən satıldığı açıqlanıb.

Ancaq bankın İdarə Heyətinin sədri Hidayət İbrahimov “Kövsərbank”ın yeni sahibinin adını açıqlamayb. Sitat: “Kommersiya sirri olduğundan investorun kimliyini açıqlamırıq. Yalnız onu deyə bilərəm ki, xaricdən investor cəlb etməmişik və bankın əsas səhmdarı dəyişir”.

“Kövsərbank”ın faktiki olaraq “əl dəyişdirməsindən” xeyli vaxt keçsə də, bankın yeni sahibinin kimliyi açıqlanmayıb.

Bu məlumatın niyə gizlədildyini söyləmək çətin olsa da, “Azpolitika.info” deputatın qardaşının bankının nəzarət-səhm paketini kimin alması ilə bağlı bəzi bilgilər əldə edə bilib.

Belə ki, saytımıza daxil olan məlumata görə, “Kövsərbank”ın nəzarət-səhm paketi “Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətinin (BTX) sahibi tərəfindən alınıb.

Qeyd edək ki, “Qala” BTX Daxili İşlər Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən özəl mühafizə şirkətidir. Müqavilə ilə sahibkarların, ayrı-ayrı fərdlərin mülkiyyətini qorumaq istiqamətində fəliyyət göstərən şirkətin baş ofisi Bakıda yerləşsə də, ölkənin demək olar ki, bütün regionlarında şöbələri mövcuddur. Mühafizəçilərə təlim keçmək üçün “Qala” BTX –nin Tədris Mərkəzi də fəaliyyət göstərir.

"Qala" BTX ilə bağlı məlumatlarda Baş İdarənin rəisinin Qorxmaz Mehdiyev olduğu açıqlansa da, şirkətin sahibini kim olduğu haqda hər hansı bilgi verilmir. Qeyri-rəsmi məlumatlarda idə şirkətin sahibinin Vüqar Hüseynov adlı şəxs olduğu bildirilir. Ancaq Vüqar Hüseynovun da sadəcə şirkətin təsis sənədlərində adı keçən şəxs, yoxsa real təsisçi olduğunu dəqiq söyləmək çətindir.

Məsələ ondadır ki, "Qala" BTX -in sahibinin “Kövsərbank”ın 38 milyon manatlıq səhmini aldığı bildirilir. Azərbaycanda rəsmi milyonçu kimi cəmi bir-neçə iş adamı tanınır. Oliqarx nazirlərin ayrı-ayrı biznes sahələrinə rəhbərlik edən qeyri-rəsmi milyonçu “iş adamları” isə kifayət qədərdir.

Bu baxımdan, “Kövsərbank”ın səhmlərini alan "Qala" BTX-nin sahibinin həqiqi iş adamı, yoxsa hansısa oliqarx nazirin “kölgəsi” olduğunu söyləmək çətindir. Yəqin ki, bunu özü açıqlayacaq.

Murad Məmmədov

AzPolitika.info