Yanukoviç son qərarını verdi: "Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişi imzalamayacaq!"
Nikolay Azarov: "Sazişin imzalanmasını təxirə salmağı Rusiya istədi"
"Viktor Yanukoviç noyabrın 29-da Vilnüsdə keçiriləcək toplantıda Avropa Birliyi ilə assosiasiya sazişi imzalamayacaq". Bunu jurnalistlərə açıqlamasında Ukraynanın baş naziri Nikolay Azarov deyib. Onun sözlərinə görə, bir müddət əvvəl Rusiya, Avropa Birliyi və Ukrayna arasında birgə müzakirələrin keçirilməsi ilə bağlı təklif irəli sürülüb. Baş nazir hesab edir ki, belə bir görüş baş tutarsa, sazişin imzalanması məsələsini 2014-cü il sammitində cəsarətlə qaldırmaq olar. N.Azarov bildirib ki, Ukrayna dekabrdan ticari-iqtisadi münasibətləri bərpa etmək üçün Rusiya ilə danışıqlara başlamaq niyyətindədir.
Xarici jurnalistlərlə görüşündə də isə Azarov qeyd edib ki, Rusiya rəhbərliyi onlara öz mövqeyini birmənalı şəkildə açıqlayıb: "Rusiya hökuməti bəyan etdi ki, Avropa Birliyi ilə assosiasiya sazişini imzalamaq bundan sonra Rusiya və Ukrayna arasında ticari-iqtisadi əlaqələrin müzakirəsinin öz əhəmiyyətini itirməsi deməkdir. Bizə dəqiq şəkildə bildirdilər ki, üçtərəfli danışıqlara hazırdılar. Lakin bunun üçün əvvəlcə sazişin imzalanmasını təxirə salmaq lazımdır". Baş nazir onu da əlavə edib ki, Rusiya tərəfindən birbaşa ultimativ xəbərdarlıq almayıblar.
Yanukoviç xalqa müraciət etdi

"Mən heç vaxt ölkəmin və xalqımın zərərinə olan addım atmayacam. Ölkə vətəndaşlarının iradəsi verəcəyim qərar üçün əsas olacaq. İstəyirəm ki, bunu hamı bilsin".
Öz növbəsində, Kiyev məhkəməsi Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması prosesinin dayandırılması ilə bağlı qərarı ləğv etməkdən imtina edib. Məhkəmə qərarını belə əsaslandırıb ki, işə noyabrın 29-na qədər baxmaq və bu qısa müddətdə qərarı dəyişmək mümkün olmayacaq. Məhkəmə işə 10 dekabrda baxılmasına qərar verib. Hökumətin məlum qərarının ləğvi iddiası ilə məhkəməyə Ali Radanın deputatı Nikolay Katerinçuk müraciət etmişdi.
Ukraynada Avropa Birliyi əleyhinə mitinq
Simferopolda isə Avropa Birliyinin və yerli müxalifətin əleyhinə mitinq keçirilib. Krımın rus icması özünün anti-Avropa mitinqinə cəmi 30-a yaxın insan toplaya bilib. Onlar da əsasən pensiyaçı qadınlar olublar. Aksiyaçılar "Avromeydan" aksiyalarının təcili olaraq dayandırılmasını tələb ediblər.
Müxalifət liderləri birgə bəyanat verdi
Müxalifət liderləri Arseniy Yasenyuk, Vitali Kliçko və Oleq Tyaqnibok Kiyevin və Ukraynanın başqa şəhərlərinin sakinlərini meydanlara çıxmağa səsləyiblər: "Bizi yenidən küsdürməyə və bölməyə çalışacaqlar. Biz müxtəlifik, amma birlikdəyik. Bizləri bir tələb birləşdirir - prezident Viktor Yanukoviç Vilnüs sammitində assosiasiya sazişini imzalamalıdır". Liderlər öz addımlarını koordinə etməyə, mitinqçilərin müdafiəsini təşkil etməyə və növbəti addımlar haqda gündəlik məlumat verməyə söz veriblər.
Müxalifət liderləri "Avromeydan"da mitinq iştirakçılarına ərzaq və isti geyim paylayan kiyevlilərə də təşəkkür ediblər. Onlar yerli sakinlərdən bu dəstəyi davam etdirməyi xahiş ediblər: "Biz başqa şəhərlərdəki həmfikirlərimizə də müraciət edirik ki, küçələrə çıxsınlar, öz "Avromeydan"larını yaratsınlar".
"Avromeydan"a 4 minə yaxın tələbə çıxıb

Ölkədə fəaliyyət göstərən bir neçə universitetin tələbələri hökumətin avrointeqrasiya prosesini dayandırmaq qərarına etiraz əlaməti olaraq tətil elan ediblər. Ölkənin ən nüfuzlu və qədim ali təhsil ocaqlarından olan "Kiyev-Mogilyan Akademiyası" Milli Universitetinin, Ujqorod Milli Universitetinin tələbələri tətilə başladıqlarını bildiriblər. Bir gün əvvəl - noyabrın 25-də isə İvano-Frankovsk Universitetinin tələbələri tətil elan etmişdilər. Bu gün tələbələrin elan etdiyi tətilə Taras Şevçenko adına Kiyev Milli Universiteti də qoşulub. Qərar universitet rəhbərliyi tərəfindən qəbul olunub. Rektorluq tələbələrin küçəyə çıxmasına icazə verib. Universitetin təxminən 1500 tələbəsi Taras Şevçenkonun abidəsi önündə "Kiyev-Mogilyan Akademiyası" Universitetinin tələbələri ilə birləşərək avrointeqrasiya tərəfdarlarının Avropa Meydanında keçirilən aksiyasına yollanıb (APA).
"Avromeydan"a dörd minə yaxın tələbə çıxıb və onlar avrointeqrasiya mitinqlərinə dəstək verəcəklərini bildiriblər. "Kiyev-Mogilyan Akademiyası" və Şevçenko adına universitetin tələbələri bir kalonda birləşərək mitinq keçiriblər. Aksiyada "Tələbə tətili!", "Gənc nəsil avrointeqrasiya tərəfdarıdır!", "Tələbələr Avropaya doğru!, "Yanukoviç, imzala!”, "Putinə yox, göz yaşlarına yox!" kimi şüarlar səsləndiriblər. Tələbələr aksiyaları Vilnüs sammitinə qədər davam etdirəcəklərini bildiriblər. Sonda Şevçenko adına universitetin tələbələrinin müraciəti də səslənib: "Əziz dostlar, siyasi qüvvələrin öz arqumentləri ilə sizi manipulyasiya etməsinə imkan verməyin. Təhsil qaydalarını və universitetin tədris planını pozmadan öz mövqeyinizdə qalın. Axı, biz avropalı tələbələrik, qanun və qaydalara əməl etməliyik". Tələbə aksiyalarının davam etdirilməsi planlaşdırılır.
Avropa Birliyinin bəyanatı gecikmiş addım idi

Avropa Birliyinin demokratik siyasəti Rusiyanın imperiya siyasətinə məğlub oldu
Polşa prezidenti Bronislav Komorovski isə Ukraynanın Avropaya inteqrasiyasının davam edəcəyini deyib: "Mən Ukrayna hökumətinin assosiasiya sazişini imzalamağı dayandırmaq qərarından təəccübləndim. Hələ hər şey itirilməyib. Ukrayna Avropaya yaxınlaşıb və daha da yaxınlaşacaq, çünki ukraynalılar belə istəyir". B.Komorovski hələlik bu döyüşdə AB-nin demokratik siyasətinin Rusiyanın imperiya siyasətinə məğlub olduğunu söyləyərək bildirib ki, Avropa Birliyi bundan lazımi nəticələr çıxarmalıdır.
Kravçukdan da reaksiya gəldi
Son olaylara Ukraynanın keçmiş prezidenti Leonid Kravçukdan da reaksiya gəlib. Kravçuk hesab edir ki, avrointeqrasiya ilə bağlı Rusiya və Avropa Birliyi ilə üçtərəfli danışıqlar nəticəsiz ola bilər: "Mən deyə bilmirəm ki, bu danışıqların predmeti necə olacaq. Rusiyanın sözü bu olacaq - biz Gömrük İttifaqının tərəfdarıyıq. Avropanın öz prinsipləri var.
Ona görə mən düşünmürəm ki, bu danışıqlar hansısa səmərə verəcək". Kravçuk onu da qeyd edib ki, Vilnüs sammitində Avropa Birliyi ilə Ukrayna arasında saziş imzalanmayacaq. Lakin bununla belə, keçmiş prezident Ukraynanın avrointeqrasiya kursunun dəyişməməli olduğunu bildirib: "Avrointeqrasiya 28 noyabrda bitmir. Bu bizim kursumuzdur. Heç kim bu kursu dəyişməyib. Avrointeqrasiya gündəmdən düşməyən strateji vəzifə kimidir". Kravçuk təcrübəsindən çıxış edərək bildirib ki, Rusiya hər zaman öz milli maraqlarını düşünüb.
Timoşenko müddətsiz aclığa başladı
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko aclıq elan edib. Y.Timoşenko hökumətdən Avropa Birliyi ilə assosiasiya haqqında sazişi imzalamağı tələb edib. Timoşenkonun vəkili Sergey Vlasenko Kiyevin mərkəzində keçirilən aksiyada bəyan edib ki, sabiq baş nazirin aclıq aksiyası müddətsizdir.
7 il müddətinə azadlıqdan məhrum edilən Y.Timoşenko hal-hazırda xəstəxanadadır.
Xatırladaq ki, paytaxt Kiyevdə və Ukraynanın digər şəhərlərində avrointeqrasiya tərəfdarlarının etiraz aksiyaları noyabrın 24-də başlayıb. İlk gün ölkə müxalifətinin təşkilatçılığı ilə yüzminlik aksiya keçirilib, etirazçılar Nazirlər Kabinetinin binası önünə qədər gediblər. Orada aksiyaçılarla polis qüvvələri arasında toqquşma olub, polis gözyaşardıcı qazdan istifadə edib. Aksiyanın dağıdılmasına "Berkut" xüsusi təyinatlı qüvvələri cəlb olunub. Həmin gündən müxalifət "Avropa" meydanında və Nazirlər Kabinetinin qarşısında çadırlar qurmağa başlayıb. Kiyev polisinin rəhbərliyi bəyan edib ki, çadır şəhərciyini sökmək niyyətində deyil, amma hökumət müvafiq qərar qəbul etsə, ictimai asayişi bərpa etmək üçün bütün vasitələrə əl atmağa hazırdır. Müxalifət Vilnüs sammitinə qədər "Avropa" meydanından çıxmayacağını bəyan edib. Partiya liderləri Ukrayna Vilnüs sammitində Avropa Birliyi ilə assosiativ saziş imzalanana qədər mübarizəni davam etdirəcəklərini bildiriblər(korrespondent.net).


Şərhlər