Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi qapalı görüşün təfərrüatlarını açıqlayıb. Paşinyanın bəyanatları İrəvan və Moskva arasında gərginliyin daha da dərinləşdiyini və Ermənistanın Rusiyadan asılılığı azaltmaq üçün cəhdlər etdiyini göstərir.

“AzPolitika” xəbər verir ki, hökumətin iclasından sonra jurnalistlərə brifinq verən Paşinyan Ermənistan daxilindəki Rusiya hərbi bazası, dəmir yolu infrastrukturu və yeni Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı açıqlamalar verib.

Paşinyanın sözlərinə görə, İrəvan və Moskva Ermənistan dəmir yollarının güzəşt (konsessiya) hüququnun (hazırda Rusiyanın idarəçiliyindədir) hər iki tərəf üçün məqbul olan üçüncü bir ölkəyə satılması imkanlarını müzakirə edir: "Həm Ermənistanda, həm də Rusiyada belə bir anlayış var ki, məsələnin həlli yollarından biri güzəşt hüquqlarının üçüncü tərəfə satılmasıdır. Məncə, bu ən yaxşı həll yoludur, digər variantlar reallıqdan uzaq görünür. Mövcud vəziyyət uzun müddət davam edə bilməz".

Bununla belə, Moskva Paşinyanın bu bəyanatını dərhal təkzib edib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiyanın dəmir yolunun idarəetmə hüququnu kiməsə vermək üçün heç bir əsası yoxdur və İrəvandan bununla bağlı rəsmi müraciət daxil olmayıb.

Xatırladaq ki, Rusiya tərəfi bundan əvvəl xəbərdarlıq etmişdi ki, Ermənistan müqaviləni vaxtından əvvəl pozarsa, Rusiya Dəmir Yollarının 2008-ci ildən bəri qoyduğu 400 milyon dollara yaxın sərmayə geri ödənilməlidir.

Ermənistan rəhbəri yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı da Rusiyanın "Rosatom" dövlət şirkətindən təkliflər gözlədiklərini bildirib. Şirkət rəhbərinin bu ay İrəvana gəlişi gözlənilir. "AES məsələsi bizim üçün geopolitik seçim deyil, bizə ən yaxşı keyfiyyət və qiymət nisbəti lazımdır. Kim ən yaxşı təklifi versə, onu da qəbul edəcəyik", - deyə Paşinyan vurğulayıb.

Metsamor AES-in istismar müddəti 2036-cı ildə başa çatır və İrəvan modul tipli kiçik reaktorların tətbiqi daxil olmaqla müxtəlif beynəlxalq alternativaları nəzərdən keçirir.

“AzPolitika.info”