ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində xüsusi elçi Stiv Uitkoffun "Washington Examiner" nəşrində dərc olunmuş və Azərbaycanla Ermənitan arasında sülh prosesinə həsr edilmiş məqaləsini paylaşıb.

“AzPolitika” xəbər verir ki, S. Uitkoff məqaləsində ABŞ Administrasiyasının Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində atdığı addımlardan və Zəngəzur dəhlizi layihəsindən - TRİPP konsepsiyasından bəhs edib.

Xüsusi elçi qeyd edib ki, Donald Tramp prioritetini Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına yönəltməklə sələflərinin qeyri-mümkün hesab etdiyi çərçivələri aşıb: "2025-ci ilin avqustundan sonrakı 5 ay ərzində ABŞ Bakı və İrəvanda intensiv görüşlər keçirdi. Nəticədə 'Tramp yolu' konsepsiyası ortaya çıxdı: Birləşmiş Ştatlar Ermənistanın ərazi bütövlüyü və suverenliyini tam qorumaqla, onun ərazisində maneəsiz multimodal marşrutların yaradılması istiqamətində İrəvanla əməkdaşlıq etdi".

Səlahiyyətli nümayəndənin sözlərinə görə, Tramp prosesin özünə deyil, praktiki nəticələrə üstünlük verməklə diplomatiyada onilliklər ərzində çıxılmaz vəziyyətdə qalan düyünü açıb və bu yanaşma özünü tam doğruldub.

Uitkoff əlavə edib ki, bu gün TRİPP konsepsiyası yaradıcılıq, güc və qarşılıqlı maraqlar vasitəsilə həlli müşkül görünən münaqişələrin tənzimlənməsi modeli kimi dünyada qəbul olunur: "Ötən il ərzində ABŞ dəmir yolu infrastrukturunun mühəndislik tədqiqatları, dövlət-özəl tərəfdaşlığı və kapital qoyuluşu mexanizmləri vasitəsilə razılaşmanın reallaşdırılması istiqamətində Azərbaycan və Ermənistanla birgə iş aparıb. Proqnozlaşdırırıq ki, TRİPP Xəzər dənizi vasitəsilə genişlənəcək, bu model Yaxın Şərqdə də tətbiqini tapacaq".

“AzPolitika.info”