"Rusiya bu qış Ukraynanı növbəti strateji bombardman kampaniyası ilə sındırmağa çalışacaq. Lakin danışıqlar gec və ya tez nəyəsə gətirib çıxaracaq. Əbədi müharibə aparmaq mümkün deyil". 

“AzPolitika” xəbər verir ki, Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanovun "The New York Times" qəzetində dərc edilən açıqalmasında belə deyilir.

Budanov 2027-ci ilin yazından tez Rusiya ilə atəşkəs şərtlərinin yaranmayacağına əmin olduğunu bildirib. Onun dediynə görə, Ukrayna ilə Rusiya arasında rəsmi danışıqlar dalana dirənsə də, nisbətən aşağı səviyyədə əlaqələr davam edir.

Budanov həmçinin bildirib ki, o, “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinlə müntəzəm olaraq əlaqə saxlayıb. Onun sözlərinə görə, bu söhbətlər 2023-cü ildə Kremlə qarşı silahlı üsyana qədər davam edib.

Budanov Rusiya hərbi kəşfiyyatının (QRU) rəisi admiral İqor Kostyukovla müntəzəm olaraq əlaqə saxladığını deyib. Onlar ilk dəfə 2022-ci ildə Türkiyənin vasitəçiliyi ilə Qara dənizdə taxıl nəqli üçün dəhlizlərin açılması barədə əlaqə saxlayıblar. Budanov deyib: "İllər ərzində biz çox şeyə, o cümlədən hərbi əsirlərin dəyişdirilməsinə nail ola bilmişik".

Budanov deyib ki, yanvar-fevral aylarında Əbu-Dabidə keçirilən danışıqlar zamanı Ukrayna ilə Rusiya arasında sülh planı iki əsas məsələ - Zaporojye Atom Elektrik Stansiyasına və Donbasın bir hissəsinə nəzarət məsələsi üzərində dalana dirənib.

Ukrayna nümayəndə heyətinə rəhbərlik etmiş Budanov, Prezident Volodimir Zelenskiyə Donbas məsələsində güzəştə getməməyi məsləhət gördüyünü qeyd edib.

Eyni zamanda, tərəflər ərazilərin gələcək idarə olunması üçün bir neçə variantı nəzərdən keçiriblər. Bunların arasında hətta birgə Ukrayna-Rusiya mülki administrasiyalarının yaradılması da olub. Budanov həmçinin bildirib ki, Cenevrədəki danışıqlardan sonra ruslar gözlənilmədən Ukrayna nümayəndə heyətinə danışıqları Moskvada davam etdirməyi təklif ediblər. Lakin bu, Rusiyada terrorizm ittihamları ilə axtarışda olan Budanovun özü üçün riskli olub və o, Moskvaya getməyib, danışıqlar prosesi isə dayaynıb.

“AzPolitika.info”