Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın Bişkekdə son görüşü, eləcə də tərəflərin bəyanatları regiondakı yeni hərbi-siyasi reallıqları nümayiş etdirir.
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən hərbi ekspert Azad İsazadə bildirib ki, İrəvanın Moskva ilə münasibətlərdə tutduğu mövcut mövqe müəyyən mənada Azərbaycanın maraqlarına cavab verir.
Ekspertin sözlərinə görə, Rusiya ilə Ermənistan arasındakı gərginlikdə Moskvanın bəzi iradları məntiqlidir, çünki İrəvan həm Rusiyanın çətiri altında qalmaq, həm də Qərbə inteqrasiya etmək istəyir: “Sözsüz ki, Rusiya müəyyən məsələlərdə haqlıdır. Rusiya deyir ki, mənimlə ittifaqda olmaq istəmirsənsə, çıx, kimlə istəyirsənsə, onunla ittifaq qur. Ermənistan isə hələlik çıxmır, amma Avropa İttifaqına daxil olmaq üçün ərizə verməyə hazırlaşır. Biz bu erməni siyasətinə öyrəşmişik. Paşinyan Putinlə siyasi oyun oynayır. Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmamasının səbəbi isə aydındır: bu təşkilatın arxasında Rusiya dayanır. Moskva bu ittifaqların daxilində özünü ən yaxşı halda 'böyük qardaş', ən pis halda isə 'ev yiyəsi' kimi aparır”.
A.İsazadə qeyd edib ki, Ermənistanın iqtisadi baxımdan Rusiyadan asılılığı böyükdür. İstər dəmir yolunun icarəsi, istər qaz təminatını idarə edən “Qazprom” strukturları, istərsə də elektrik enerjisi sahəsində bağlılıq davam edir: “Bunların hamısından bir-bir qopmaq üçün ciddi diplomatik addımlar atmaq lazımdır və Ermənistan da bunu edir. Ona görə təkrar edirəm: Ermənistanın bu mövqeyi Azərbaycanın maraqlarına müəyyən mənada uyğundur. Nə qədər ki, bu proses davam edir, müəyyən nəticələr əldə etmək mümkündür”.
Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazasının gələcəyinə toxunan hərbi ekspert bildirib ki, bu obyekt siyasi və hərbi baxımdan artıq əhəmiyyətini itirib: “Vaxtilə 102-ci hərbi baza ona görə Gümrüdə yerləşdirilmişdi ki, Türkiyədən zərbə olacağı halda Ermənistanı qorusun. Reallıqda isə biz bilirdik ki, bu baza Türkiyəyə qarşı deyil, Azərbaycandan gələ biləcək təhlükəyə qarşı nəzərdə tutulmuşdu. Bu gün Azərbaycandan Ermənistana böyük təhlükə yoxdur. Əksinə, real vəziyyət göstərir ki, Azərbaycan-Ermənistan sərhədi ən təhlükəsiz sərhədlərdən biridir”.
Ekspertin fikrincə, Türkiyənin Ermənistana qoşun yeritməsi də fantastik ssenaridir və Ankara üçün bunun heç bir ehtiyacı və ya marağı yoxdur.
“Türkiyə ordusuna qarşı həmin bazanın ümumiyyətlə ciddi imkanları yoxdur. 102-ci baza Ermənistan üçün böyük təhlükəsizlik təminatı deyil. Əksinə, müəyyən daxili və regional processes baxımından əlavə təhlükə yarada bilər. Yəni istər hərbi, istərsə də siyasi baxımdan 102-ci hərbi baza əvvəlki mənasını tamamilə yitirib”, - deyə Azad İsazadə bildirib.
Rasim
“AzPolitika.info”

Şərhlər