Menu

“Gold Məkan”la bağlı yeni qalmaqal - Sakinlər tikinti icazəsinin ləğvini tələb edir

08.09.2026, 10:17
“Gold Məkan”la bağlı yeni qalmaqal - Sakinlər tikinti icazəsinin ləğvini tələb edir

Ağa Neymətulla 54, 58, 58/2e, F.X.Xoyski 138, 138a, 140a, F.Yusifov 43 və 43a ünvanlarında yaşayan sakinlər, mülkiyyətçilər və sahibkarlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət ediblər.

Bir nüsxəsi də "AzPolitika"ya göndərilən müraciətdə “Gold Məkan” MMC tərəfindən aparılan söküntü və tikinti işlərindən şikayət olunur və şirkətə verilmiş tikinti icazəsinin ləğv edilməsi tələb edilir.

Sakinlərin bildirdiyinə görə, Ağa Neymətulla küçəsi 58 ünvanındakı bina FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin 28 noyabr 2024-cü il tarixli rəyi ilə qəzalı hesab edilib. 12 fevral 2025-ci ildə 58, 58/2e və F.X.Xoyski 138 ünvanlarındakı binalar üçün “Söküntünün Təşkili” layihəsi təsdiqlənib və bunun əsasında 7 avqust 2025-ci ildə “Gold Məkan” MMC-yə tikinti icazəsi verilib.


Lakin sakinlər şirkətin təsdiqlənmiş layihədən kənara çıxaraq F.Yusifov 43 və 43a, həmçinin F.X.Xoyski 138a və 140a ünvanlarında söküntü işləri apardığını iddia edirlər. Onların sözlərinə görə, mənzillər dağıdılır, yollar və qarajların qarşısı bağlanır, yaşıllıqlar məhv edilir, sakinlər və sahibkarlarla müqavilələr bağlanmır.

Müraciətdə qeyd olunur ki, “Gold Məkan” MMC ilə bağlı müxtəlif dövlət qurumlarında araşdırmalar  aparılır, şirkətin rəhbəri Allahşükür Məmmədova qarşı məhkəmə prosesi davam edir. Həmçinin şirkətlə sakinlər arasında 10-dək məhkəmə prosesinin olduğu bildirilir.

Sakinlər hesab edirlər ki, sözügedən işlər Bakı Şəhər İcra Hakimiyyətinin 21 sentyabr 2023-cü il tarixli 164 saylı sərəncamının tələblərinə də ziddir.

Onlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 7 avqust 2025-ci ildə Namiq Hümmətov tərəfindən imzalanmış, hazırda İnzibati Məhkəmədə mübahisə predmeti olan tikinti icazəsinin ləğv edilməsini, həmçinin Ağa Neymətulla, F.X.Xoyski və F.Yusifov küçələrində qanunsuz hesab etdikləri fəaliyyətə son qoyulmasını və yeni tikinti icazələrinin verilməsinin qarşısının alınmasını xahiş edirlər.

Şikayətdə qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

"AzPolitika.info"

Şərhlər