Ukrayna hakimiyyəti növbəti korrupsiya qalmaqalı ilə üz-üzə qalıb. Bu dəfə izlər Baş Prokurorluğa aparır.
“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, artıq “Karfoqen” adı qoyulan işə görə Ukraynanın Baş prokuroru Ruslan Kravçenko ölkə başçsına istefa ərizəsi təqdim edib…
Kravçenkonun sözlərinə görə, bu, onun "şüurlu şəkildə" verdiyi "siyasi qərar" olub.
"Baş prokuror vəzifəsindən siyasi qarşıdurma aləti kimi istifadə olunmasını istəmirəm. İttihamlarla bağlı mövqeyim dəyişməz olaraq qalır", - deyə o bildirib.
İttihamlara gəlincə, sentyabrın 4-də Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Baş Prokurorluğun yüksək vəzifəli işçisinin rəhbərlik etdiyi cinayətkar təşkilatı ifşa etmək üçün xüsusi əməliyyat keçirdiyini bəyan edib. Medianın məlumatına görə, NABU və Xüsusi Antikorrupsiya Prokurorluğu Baş Prokurorluğun kiber şöbəsinin müdiri Sergey Kropivanı saxlayıblar. İttihama görə, Baş Prokurorluğun şöbə müdiri saxta çağrı mərkəzləri şəbəkəsinin himayə edilməsində və aktivlərin yuyulmasında iştirak edib. Söhbət bankların və digər qurumların adından zəng edilməklə insanların aldadılaraq vəsaitlərinin mənimsənilməsilə məşğul olan cinayətkar dəstədən gedir.
Daha sonra Baş Prokurorluq işçilərindən birinin saxta çağrı mərkəzləri ilə bağlı cinayətlərə dair araşdırmada korrupsiyaya qarşı mübarizə qurumları ilə tam əməkdaşlıq etməyə hazır olduğu bildirilib.
NABU və Xüsusi Antikorrupsiya Prokurorluğu Baş Prokuror Ruslan Kravçenkonun, onun müavini Mariya Vdoviçenkonun və Odessa Regional Polis İdarəsinin rəisi Oleq Kiperin evlərində axtarışlar aparıblar.
NABU Ukrayna Cinayət Məcəlləsinin 255-ci maddəsi (cinayətkar təşkilat yaratmaq, idarə etmək və iştirak etmək) maddəsi ilə bağlı beş şəxsin ifşa olunduğunu bildirib. Onları 15 ilə qədər həbs cəzası gözləyə bilər.
5 sentyabrda Baş Prokurorluq elan edib ki, "gecə yarısına yaxın NABU detektivləri Baş Prokuror, Baş Prokurorun birinci müavini, Baş Prokurorluğun digər işçiləri və şöbələri tərəfindən istifadə edilən ofis binasında istintaq hərəkətləri aparıblar". Mediada Baş Prokurorun da bu cinayətkar dəstədən xəbərdar olduğu, hətta ondan qazanc götürdüyü barədə iddialar yer almaqdadır.
Dünənsə Ruslan Kravçenko “Karfaqen” işində heç bir prosessual statusa malik olmadığını və ətrafındakı vəziyyəti siyasi təzyiq cəhdi hesab etdiyini bildirib: "Ofisimdə və evimdə axtarış aparılıb. Başqa heç bir istintaq hərəkəti aparılmayıb. “Karfaqen” işində şahid və ya şübhəli kimi prosessual statusum yoxdur... Kimsə məni buradan çıxarmaqda maraqlıdır. Mən çoxlarını narahat edirəm”, - Kravçenko bildirib. Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski və Ali Rada belə bir tələb irəli sürməsə, könüllü olaraq istefa verməyəcəyini əlavə edib. İndi isə onun istefası belə bir qənaət yaradır ki, belə bir tələb artıq olub…
“AzPolitika.info”


Şərhlər