Donald Trampın elçilərilə Volodimir Zelenski arasında danışıqlar diplomatik prosesdə simvolik bir addım olsa da, Kiyevlə Moskvanın mövqeləri arasında yaxınlaşma nümayiş etdirməyib.
“AzPolitika” xəbər verir ki, “BBC”-nin Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə son səfərinə dair məlumatında belə deyilir.
Yazıda qeyd olunur ki, Amerika təmsilçilərinin Ukrayna paytaxtına gəlişi simvolik məna daşıyıb. Belə ki, bu, onların tammiqyaslı müharibənin başlamasından bəri Ukrayna torpağına ilk dəfə ayaq basması idi. Rusiyanın hücumları fonunda Ukraynaya hava səyahəti təhlükəli olaraq qaldığı üçün onlar Kiyevə qatarla getməli olublar.
Danışıqların keçirildiyi yer də simvolik idi: Volodimir Zelenski ilə görüş Müqəddəs Sofiya Katedralında baş tutub. Rusiya pilotsuz təyyarəsi bir gün əvvəl onun yaxınlığındakı Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) binasına zərbə endirmişdi...
Məlumatda deyilir ki, Ukrayna və Rusiya cəbhə xəttindəki vəziyyətlə bağlı fərqli qiymətləndirmələrə malikdirlər və bu, ortaq məxrəcə gəlməkdə çətinlik yaradır. Bir neçə saatlıq danışıqlardan sonra görüş iştirakçıları “irəliləyiş” və “məzmunlu müzakirələr” ifadələrindən istifadə ediblər. Lakin Kiyev və Moskva cəbhədəki vəziyyətlə bağlı fikir ayrılıqlarını saxlayırlar.
Vladimir Putin Uitkoff və Kuşnerə Moskvanın döyüş meydanında "əhəmiyyətli irəliləyiş" əldə etdiyini bildirib. Ukrayna tərəfi isə fərqli bir mənzərə yaradır. Ukrayna rəsmilərinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri avqust ayında itirdiklərindən daha çox ərazini geri alıb, Rusiya qoşunları isə təxminən 42.000 itki verib.
Nəşr qeyd edir ki, danışıqlarda ərazi və təhlükəsizlik zəmanətləri əsas mübahisəli məqamlar olaraq qalır. Digər əsas məsələ Kremlin tələbləridir. Putin "münaqişənin ilkin səbəblərinin" həll edilməsinin vacibliyini təkrarlayıb. Yazı müəlliflərinin fikrincə, bu formul Moskvanın uzun müddətdir davam edən 3 tələbini əks etdirir: Ukraynanın ərazi güzəştləri, NATO-ya qoşulmaq perspektivindən imtina və Ukrayna ordusunun azaldılması. Kiyevsə bunları qəbul etmir və öz növbəsində etibarlı təhlükəsizlik zəmanətlərində israr edir. Bütün bunlar danışıqalrı dalana dirəmiş olur.
Görüşdən sonra Zelenski Ukraynanın "güclü və aydın" zəmanətlərə ehtiyacı olduğunu və bunun vacib bir hissəsinin güclü Ukrayna ordusu olaraq qalacağını bildirib. Eyni zamanda, Ukrayna Prezidenti ölkənin şərqindəki əraziləri güzəştə getmək istəmədiyini qeyd edib. O, Donbas əraziləri məsələsini "mürəkkəb" adlandırıb.
Danışıqlardan sonra Uitkoff irəliləyiş və potensial həll üçün lazımi əsasların mövcudluğunu bəyan edib. Eyni zamanda, Amerika nümayəndəsi fikir ayrılıqlarını aradan qaldırmaq üçün hər iki tərəfin güzəştə getməli olduğunu etiraf etdi.
Lakin Kiyev və Moskvanın bu cür güzəştlərə getməyə hazır olub-olmadığı hələ də məlum deyil. Qarşıda isə xüsusilə də Ukrayna çətin bir qış var. Ukrayna başçısı da bəyan etdi ki, döyüşlər davam edəcək və qarşıdan gələn qış çətin olacaq.
Bəzi diplomatlar yazda sülh müqaviləsinin mümkünlüyünü proqnozlaşdırır, lakin digərləri perspektivlərə daha ehtiyatla və hətta pessimist yanaşırlar.
Müəlliflər sonda qeyd edirlər ki, bu səfərlərin ən gözlə görünən nəticəsi sadəcə, hava hücumlarında qısa bir fasilə barədə razılığa gəlinməsi oldu. Bu, Kiyev sakinləri üçün bombardmanlardan qısa bir fasilə verdi…
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər