Menu

İrəvan çətin seçim qarşısında: ABŞ, yoxsa İran?

08.09.2026, 13:30
İrəvan çətin seçim qarşısında: ABŞ, yoxsa İran?

İran Ermənistan qarşısında TRIPP layihəsinin təhlükəsizliyinin təmin olunması ilə bağlı şərt qoyub. Şərtə əsasən TRIPP layihəsinin təhlükəsizliyini yalnız Ermənistan və ya artıq ölkə ərazisində yerləşən üçüncü dövlətin silahlı qüvvələri təmin etməlidir. İran bununla Ermənistan ərazisində, xüsusilə də öz sərhədləri yaxınlığında ABŞ hərbçilərinin yerləşdirilməsinin qarşısını almağa çalışır.

Maraqlıdır, İrəvan Tehranın bu şərtinə əməl edəcəkmi? Ümumiyyətlə, Ermənistanın ABŞ hərbçilərini ölkəyə dəvət etməsi mümkündürmü? Bu halda İran-Ermənistan münasibətlərində nələr baş verə bilər?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlamasında Politoloq Züriyyə Qarayeva bildirib ki, İrəvan böyük ehtimalla İranın bu şərtinə əməl edəcək. Bu, ən azı rəsmi və hüquqi müstəvidə belə olacaq:

"Baş nazir Nikol Paşinyan artıq bəyan edib ki, TRIPP Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcək. Yəni layihə heç bir xarici hərbi mövcudluğu nəzərdə tutmur. Bu mövqe göstərir ki, marşrutun təhlükəsizliyi Ermənistanın sərhəd, polis və digər güc strukturlarına həvalə ediləcək. Bununla belə, ABŞ şirkətlərinin, texniki mütəxəssislərin və mülki təhlükəsizlik əməkdaşlarının layihədə iştirakı mümkündür. Tehran isə yalnız amerikalı hərbçilərin formasına deyil, ABŞ-nin sərhəd bölgəsində faktiki strateji imkan qazanıb-qazanmayacağına diqqət yetirəcək. Ermənistanın ABŞ hərbçilərini daimi əsaslarla ölkəyə, xüsusilə İran sərhədi yaxınlığına dəvət etməsi nəzəri baxımdan mümkündür, lakin hazırkı şəraitdə bu ehtimal aşağıdır. İrəvan Vaşinqtonla hərbi əməkdaşlığı genişləndirir, birgə təlimlər keçirir və Amerika istehsalı müdafiə texnologiyaları alır. Lakin bunlar ABŞ hərbi bazasının və ya TRIPP boyunca Amerika hərbi kontingentinin yerləşdirilməsi demək deyil. Belə bir qərar layihəni iqtisadi-kommunikasiya təşəbbüsündən çıxararaq ABŞ–İran qarşıdurmasının elementinə çevirə və Ermənistan üçün təhlükəsizlik risklərini artıra bilər. Buna görə daha real ssenari ABŞ-ın maliyyə, idarəetmə və texniki sahədə iştirak etməsi, silahlı təhlükəsizliyin isə Ermənistan strukturlarında qalmasıdır".

Politoloqun sözlərinə görə, əgər İrəvan gələcəkdə ABŞ hərbçilərinin İran sərhədi yaxınlığında yerləşdirilməsinə razılıq versə, İran–Ermənistan münasibətləri ciddi böhranla üzləşə bilər:

"Tehran ilkin mərhələdə diplomatik təzyiqi artıra, iqtisadi və tranzit əməkdaşlığını məhdudlaşdıra, sərhəddə hərbi qüvvələrini gücləndirə və Rusiya ilə koordinasiyaya üstünlük verə bilər. Bu isə Ermənistanın İran vasitəsilə cənuba çıxışına, enerji əlaqələrinə və regional manevr imkanlarına mənfi təsir göstərər. İran Ermənistanla münasibətləri dərhal tam kəsməyə maraqlı deyil, çünki bu ölkəni Cənubi Qafqazdakı mühüm tərəfdaşlarından biri hesab edir. Buna görə İrəvanın seçəcəyi əsas formul ABŞ sərmayəsini və siyasi dəstəyini qəbul etmək, lakin layihənin hərbiləşdirilməsinə imkan verməməklə Tehranı arxayın salmaq olacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol