Azərbaycanda kənd təsərrüfatı sahəsində tətbiq olunan yeni subsidiyalaşdırma qaydaları və dövlət dəstəyi mexanizmləri mütəxəssislər tərəfindən birmənalı qarşılanmır.
Tanınmış kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli mövzu ilə bağlı "AzPolitika"-ya açıqlamasında bildirib ki, dövlət tərəfindən ayrılan böyük maliyyə vəsaitləri, subsidiyalar və müxtəlif dəstəklər əsasən iri fermer təsərrüfatlarını gücləndirməyə xidmət edir.Ekspert hesab edir ki, bu yanaşma onsuz da geniş maddi imkanlara malik olan və imkanlı şəxslərə məxsus olan iri təsərrüfatların mövqeyini daha da möhkəmləndirir, kiçik və orta fermerləri isə çətin vəziyyətə salır. Mütəxəssis qeyd edir ki, hər hansı təbiət hadisəsi və ya fors-major hall baş verəndə iri təsərrüfatlar üçün çətinlik yaranmır, çünki onlara sığorta ödənişləri verilir. Məsələn, aqroparkların yaradılması üçün dövlət büdcəsindən 1 milyard 100 milyon manatdan çox vəsait ayrılıb. Buna baxmayaraq, xırda təsərrüfatlar hər zaman ciddi maneələrlə üzləşirlər."Xırda fermerlər təsərrüfatlarını sığortalasalar belə, bəzən illərlə sığorta ödənişini ala bilmirlər. Məsələn, Bərdə rayonunda intensiv yağışlar nəticəsində pambıq bitkiləri məhv olmuş xırda fermerlərin illərdir məhkəmələrdə süründürülməsi buna əyani sübutdur.
İri təsərrüfatların əlavə işçi qüvvəsi götürməsi və xərclərinin böyük olmasına baxmayaraq, onların məhsulunun maya dəyəri kiçik təsərrüfatlara nisbətən daha yüksəkdir. Buna baxmayaraq, dövlət dəstəyi ilə stimullaşdırılan iri təsərrüfatlar bazarda bahalaşmaya səbəb olur və əsasən onların məhsulları bazara çıxarılır", - deyə o, bildirib.
Vahid Məhərrəmli xəbərdarlıq edir ki, bu tendensiya davam edərsə, gələcəkdə kiçik və orta təsərrüfatlar tamamilə sıradan çıxacaq. Kiçik təsərrüfatlar əvvəllər əlverişsiz hava şəraiti (quraqlıq, bol yağış və s.) ilə qarşılaşanda öz daxili ehtiyatları hesabına vəziyyətdən çıxa bilirdilər, çünki xərcləri az idi. Lakin hazırkı addımlar fonunda büdcə imkanlarının hər zaman iri fermerləri maliyyələşdirməyə çatmayacağı və bunun gələcəkdə ciddi problemlər yaradacağı qaçılmazdır.
E.Rüstəmli
"AzPolitika.info"


Şərhlər