Menu

Qışda deeskalasiya olacaq? - Zelenski danışıqların bəzi detallarını açıqladı

08.09.2026, 14:43
Qışda deeskalasiya olacaq? - Zelenski danışıqların bəzi detallarını açıqladı

ABŞ Prezidentinin elçiləri Stiv Uitkoff və Cared Kuşner qış aylarında Moskva və Kiyevlə hərbi münaqişənin gərginliyini azaltmaq – deeskalasiya üçün potensial addımları müzakirə ediblər.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”-a müsahibəsində deyib.

O bildirib ki, amerikalı danışıqçıların səyləri əsasən diplomatik prosesin "bloklanmasının açılmasına” yönəlib, lakin onlar bir neçə yeni təklif də irəli sürüblər: "Enerji obyektləri, taxıl tədarükü və neft-qaz ixracı ilə bağlı fikirlər var".

Ukrayna Prezidentinin sözlərinə görə, Rusiya əvvəlki illərdə olduğu kimi, payız və qış aylarında Kiyevi güzəştə getməyə məcbur etmək üçün Ukraynanın enerji sektorunu fəal şəkildə hədəfə almağı planlaşdırır. Lakin Zelenski hesab edir ki, Vladimir Putin ABŞ Prezidenti Donald Trampı "məyus etmək istəmir" və sülh danışıqlarının irəliləməsi üçün fikirləri "müzakirə etməyə hazırdır".

Ukrayna Prezidenti yaxın gələcəkdə ABŞ və Rusiya ilə daha bir üçtərəfli görüşün keçirilməsinin mümkünlüyünü də bildirib.

"Sentyabr və oktyabr aylarımız var. Düşünürəm ki, Prezident Tramp soyuq qış gəlməzdən əvvəl danışıqlar prosesinə həqiqətən başlamaq üçün bir yol tapa bilər", - deyə Zelenski yekunlaşdırıb.

Daha əvvəl “Axios” mənbələri Uitkoff və Kuşnerin Kiyevdə Zelenski ilə görüşündə "yenilənmiş sülh təklifi" hazırlamaq və qışdan əvvəl danışıqlarda irəliləyiş əldə etmək niyyətlərini açıqladıqlarını bildirmişdilər.

Lakin Zelenski qeyd edib ki, Donbasın taleyi əsas məsələ olaraq qalır. “Financial Times” mənbələri qeyd edib ki, Putin amerikalı danışıqçılarla görüşdə Donbasa nəzarətlə bağlı israr edib, Zelenski isə ərazinin verilməsini istisna edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol