Menu

Britaniyadan Ukraynaya 130 milyon hərbi yardım - HHM sistemləri verilir

08.09.2026, 15:03
Britaniyadan Ukraynaya 130 milyon hərbi yardım - HHM sistemləri verilir

Böyük Britaniya hökuməti yaxınlaşan qış mövsümü ərəfəsində Ukraynaya 100 milyon funt sterling (təxminən 130 milyon dollar) dəyərində yeni hərbi yardım paketinin ayrıldığını elan edib. Bu barədə Britaniya Müdafiə Nazirliyinin və nazir Ues Stritinqin (Wes Streeting) sentyabrın 8-də yaydığı rəsmi bəyanatda bildirilir.

Yardım paketinin əsas məqsədi Ukraynanın mülki infrastruktur obyektlərini və energetika sistemini Rusiyanın gözlənilən hava zərbələrindən qorumaqdır. Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, yeni dəstək çərçivəsində Kiyevə aşağıdakı hərbi sursat və texnikalar göndəriləcək:

Ukrayna rəhbərliyinin son zamanlar müttəfiqlərindən təcili tələb etdiyi "Patriot" hava hücumundan müdafiə raketləri;

-Artilleriya mərmiləri, böyük kalibrli sursatlar;

-Müxtəlif tipli pilotsuz uçuş aparatları;

-Səma hücumundan müdafiə vasitələri: Müxtəlif tipli raket tutucuları.

Xüsusilə vurğulanır ki, silahlar Ukraynanın tərəfdaşları tərəfindən ABŞ-dən satınalmaları nəzərdə tutan PURL mexanizmi vasitəsilə əldə ediləcək və sursatlar hava soyuyana qədər Ukraynaya çatdırılacaq.

Britaniyanın müdafiə naziri Ues Stritinq bildirib ki, London Ukraynanın qış aylarında üzləşə biləcəyi kritik təhlükələri dəqiq qiymətləndirir: "Həm Baş nazir, həm də mən Kiyevə ilk səfərlərimiz zamanı bu qış Ukraynaya dəstək verməyin nə qədər həyati əhəmiyyət kəsb etdiyini aydın dərk etdik. Putin mülki obyektlərə və energetika infrastrukturlarına barbarcasına hücumlarını davam etdirərək qışı yenidən silah kimi istifadə etməyə hazırlaşır".

Qeyd edək ki, Ues Stritinq sentyabrın 8-də Ukraynaya Dəstək üzrə Kontakt Qrupunun ("Ramştayn" formatı) distant formatda keçirilən 36-cı iclasına həmsədrlik edir. İclasda 50-yə yaxın ölkənin nümayəndəsi iştirak edir. Bir gün əvvəl isə analoji hərbi yardım məsələləri Brüsseldə Ukrayna-NATO Şurasının iclasında müzakirə olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 7-də "Axios" nəşrinə verdiyi müsahibədə Rusiyanın qış aylarında ölkənin energetika sisteminə zərbələri artıraraq Ukraynanı "sındırmağa" çalışacağını bildirib. Kiyev xüsusilə balistik raketləri dəf edə biləcək müasir HHM sistemlərinin təcili çatdırılması üçün Qərb müttəfiqlərinə müraciətlərini davam etdirir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol