Menu

“Nəticələr uğurludur, amma...” - "Bakı ilə regionlar arasında ciddi fərq var”

08.09.2026, 16:46
“Nəticələr uğurludur, amma...” - "Bakı ilə regionlar arasında ciddi fərq var”

“Bu gün Elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində PISA 2025-in nəticələri ilə bağlı geniş təqdimat etdi. PISA 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə biliklərini sadəcə yadda saxlama deyil, real həyatda tətbiq etmək bacarığını ölçən qlobal qiymətləndirmədir. Daha çox bacarıq əsaslı ölçmədir. Yetərincə güvənli və obyektiv qiymətləndirmə hesab olunur”.

“AzPolitika” xəbər verir ki, bunu Azərbayan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. 

O, xatırladır ki, sonuncu dəfə 2022-ci ilə qiymətləndirmə olub. Builki nəticələr , mənim üçün də müəyyən qədər gözlənilməz oldu: “Əslində bu nəticələr məhz klassik məktəbin, yəni repetitorların müdaxiləsi olmayan, 9-cu sinfədək olan nəticələri əks etdirir. Bu ilin nəticələrində xüsusilə Bakı üzrə əvvəlki PISA ilə müqayisədə çox ciddi irəliləyiş var. Riyaziyyatda nəticə 397-dən 460 bala – 63 bal, təbiət elmlərində 380-dən 440-a – 60 bal, oxu savadlılığında isə 365-dən 405-ə – 40 bal yüksəlib. Normalda PİSA-da bir neçə bal irəliləyiş uğur hesab olunur. Qeyd olunanlar yalnız Bakı şəhəri üzrədri. Azərbaycan üzrə nəticələr isə riyaziyyatda 422, təbiət elmlərində 409, oxu savadlılığında 374 baldır. Nazir bu nəticələrin əldə olunmasında son illərdə təhsildə aparılan islahatların, xüsusilə də müəllimlərin, həmçinin də DİM-in qiymətləndirmə istiqamətində gördüyü işlərin böyük rolunu vurğuladı. Mənim üçün maraqlı məqamlardan biri budur. Xatırlayıram ki, 2000-ci ildə DİM statistikasına görə 50% 9-cu sinif şagirdi 1-ci mərhələ riyaziyyat imtahanında imtahan vərəqələrini heç nə yazmadan geri qaytarmışdı”.

O.Gündüz vurğulayır ki, indi PISA-da riyaziyyat üzrə belə ciddi yüksəliş həm sevindirir, həm də araşdırma və təhlillər üçün də maraqlı suallar yaradır: “Məsələn, görəsən, PISA-da müşahidə etdiyimiz bu irəliləyiş DİM-in buraxılış imtahanlarının nəticələri ilə nə dərəcədə uzlaşır? Məncə, bu iki məlumat bazasının müqayisəli təhlili çox faydalı olardı. Əlbəttə problemlər də qalır. Müəllimlərin peşəkarlığı, tədris prosesinin daha effektiv qurulması, müasir təlim metodalrının tətbiqi, xüsusilə də regionlarda tədrisin səviyyəsinin yüksəldilməsi və s. sahələrdə görüləcək işlər daha çoxdur. Nazirə verdiyim sual da bununla bağlı oldu. Nə üçün riyaziyyatda Bakı ilə regionlar arasında 30–40 ballıq ciddi bir fərq var? Emin Əmrullayev bunu, digər amillərlə yanaşı, regionlarda ibtidai təhsilin keyfiyyəti ilə bağlı problemlərlə əlaqələndirdi”.

Ekspert sonda qeyd edib ki, istənilən halda son üç PISA qiymətləndirməsinin dinamikası, xüsusilə də son nəticələr uğurdan xəbər verir. Mən riyaziyyat və təbiət elmlərindəki irəliləyişə xüsusilə ümidlə baxıram.

“Vaxtilə güclü riyaziyyat məktəbi olan Azərbaycanda bu ənənənin yenidən güclənməsi sevindiricidir”, - o vurğulayıb.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol