Ramiz Yunus
Xəzər Beynəlxalq Universitetinin politologiya professoru
Mən tam dörddəbir əsr – 25 il ABŞ-da yaşamışam. Bu illər ərzində mənə Amerika həyatını kənardan müşahidə etmək deyil, bu ölkənin siyasi sistemini, institutlarını, qərarların qəbul olunma mexanizmini, daxili və xarici siyasətin formalaşmasını, siyasi mədəniyyətini və ən əsası – cəmiyyətin mentalitetini dərindən öyrənmək imkanı nəsib olub.
Buna qədər isə ömrümün əhəmiyyətli hissəsini Sovet İttifaqında – Xruşşov dövründən tutmuş 1991-ci ildə SSRİ-nin süqutuna qədər yaşamışam. Daha sonra isə uzun illər müstəqil Azərbaycanın ali hakimiyyət eşelonlarında – həm hökumətdə, həm də parlamentdə çalışmışam.
Məhz buna görə də bu gün ABŞ-ın siyasi mədəniyyəti ilə postsovet məkanının siyasi mədəniyyətini müqayisə edərkən bəzilərinə paradoksal görünə biləcək bir nəticəyə gəlirəm.
Amerika siyasətçiləri və politoloqları çox vaxt postsovet məkanını, onun tarixini, mentalitetini, siyasi mədəniyyətini, qorxularını, komplekslərini, iddialarını və nəhayət, coğrafiyasını pis anlayırlar.
Lakin postsovet məkanındakı siyasətçilər və politoloqlar da Amerikanı bundan yaxşı başa düşmürlər. Onlar Amerikanın siyasi sisteminin necə qurulduğunu, Vaşinqtonda qərarların necə qəbul edildiyini, daxili siyasi proseslərin xarici siyasətə nə dərəcədə təsir etdiyini və ən əsası – amerikalıların dünyanı necə gördüyünü təsəvvür edə bilmirlər.
Tərəflərdən birinin öz siyasi reseptlərini universal həqiqət kimi diktə etməyə, digərinin isə bu yad reseptləri kor-koranə qəbul etməyə hazır olması ilə birləşən bu qarşılıqlı anlaqsızlıq, bizi bu gün yaşadığımız dünyaya gətirib çıxardı. O dünyaya ki, “Soyuq müharibə”dən sonra vəd edilən "tarixin sonu" əvəzinə böyük geosiyasətin geri qayıtmasını, müharibələri, güc mərkəzlərinin qarşıdurmasını və yeni dünya nizamı uğrunda mübarizəni gördük.
Bu problemi xüsusilə 1990-cı illərin əvvəllərinə nəzər salanda daha aydın görmək olur.
Sovet İttifaqı dağıldı, “Soyuq müharibə” başa çatdı və belə görünürdü ki, bəşəriyyət həqiqətən də tamamilə yeni bir dövrə qədəm qoyur. Məhz həmin vaxt Qərbdə iki kitab işıq yüzü gördü və yalnız ABŞ ilə Avropanın intellektual mühitinə deyil, Şərqi Avropadan tutmuş Mərkəzi Asiya və Qafqaza qədər geniş bir coğrafiyanın siyasi təfəkkürünə böyük təsir göstərdi.
1992-ci ildə amerikalı siyasi filosof Frensis Fukuyamanın "Tarixin sonu və sonuncu insan" kitabı nəşr olundu.

Fukuyama kommunizmin çöküşündən sonra Qərb tipli liberal demokratiyanın bəşəriyyətin siyasi və sosial-mədəni inkişafının son nöqtəsi olduğunu iddia edirdi. Belə görünürdü ki, böyük ideoloji qarşıdurmalar dövrü başa çatır, liberal demokratiya, bazar iqtisadiyyatı və Qərb dövlət quruluşu modeli universal orientirə çevrilir. Sovet İttifaqında böyümüş milyonlarla insan üçün bu ideya xüsusilə cəlbedici görünürdü. Dünənə qədər SSRİ var idi və onilliklər boyu sovet sisteminin bəşəriyyətin tarixi gələcəyi olduğunu iddia edirdi. İndi isə SSRİ yox idi və elə bir təəssürat yaranmışdı ki, tarix həqiqətən son hökmünü verib. Amma çox keçmədən bəlli oldu ki, tarix bitməyib, sadəcə yeni fəsil başlayıb.
2001-ci il 11 sentyabr faciəsi bu dönüşün rəmzlərindən biri oldu. İraq və Əfqanıstandakı müharibələr, beynəlxalq terrorizmin artması, Çinin güclənməsi, Rusiyanın hərbi revanşizm siyasətinə qayıtması, Qərbin öz daxilində liberal konsensusun böhranı, Brexit, populizmin artması, Avropa və ABŞ-ın siyasi mənzərəsinin dəyişməsi və nəhayət, İkinci Dünya müharibəsindən sonra Avropadakı ən böyük müharibə – Rusiyanın Ukraynaya qarşı təcavüzü baş verdi.
Bu gün artıq tamamilə aydındır: bəşəriyyətin universal bir siyasi modelin tam qələbəsi dövrünə qədəm qoyması ideyası həddən artıq optimistik idi. Lakin burada vacib bir dəqiqləşdirmə aparmaq lazımdır. Problem demokratiyanın və ya liberal ideyanın özündə deyildi. Problem o zaman yarandı ki, müəyyən bir siyasi model fərqli tarixi və mədəni mühitə dərhal, heç bir dəyişiklik edilmədən köçürülə biləcək universal bir resept kimi qəbul edilməyə başlandı.
Tarix isə çox daha mürəkkəb çıxdı. Siyasi institutları ağac kimi başqa torpağa asanlıqla köçürmək olmaz. Çünki hər bir cəmiyyətin öz tarixi yaddaşı, öz siyasi mədəniyyəti, dövlətə öz münasibəti, azadlıq anlayışı, hakimiyyətə baxışı, öz qorxuları və milli maraqları var. Əgər bu nəzərə alınmazsa, ən cəlbedici nəzəriyyə bile böyük siyasi səhvlərin mənbəyinə çevrilə bilər.
Lakin ikinci bir kitab da var idi. 1997-ci ildə Zbiqnev Bjezinskinin məşhur "Böyük şahmat taxtası" əsəri işıq yüzü gördü.

Eyni zamanda, Fukuyama əsasən dünyanın ideoloji və siyasi gələcəyindən bəhs edirdisə, Bjezinski dünyaya geosiyasi prizmadan baxırdı. Onun təhlilində mərkəzi yeri Avrasiya tuturdu və Bjezinski bir prinsipial məsələdə tamamilə haqlı çıxdı: Avrasiya həqiqətən də XXI əsrin əsas geosiyasi məkanına çevrildi.
Lakin coğrafiyanın əhəmiyyətini düzgün anlamaqdan gələcək dunya nizamı haqqında hökmən düzgün proqnoz çıxarmaq mümkün deyildi. Bjezinski Sovet İttifaqının süqutundan sonra Amerikanın nəhəng gücünə arxalanırdı və Avrasiyanı ABŞ-ın strateji nüfuzunu qorumalı olduğu bir məkan kimi görürdü. Təəssüf ki, postsovet məkanındakı bir çox siyasətçilər üçün bu kitab demək olar ki, geosiyasi İncilə çevrildi. Bax, mənim fikrimcə, ən maraqlı məqam da burada başlayır.
Problem ayrı-ayrı proqnozların dəqiq çıxmamasında deyildi. Problem onda idi ki, həddən artıq çox siyasətçi mürəkkəb intellektual konsepsiyalardan hazır fəaliyyət təlimatları düzəltdi. Bəziləri Qərb modelinin qəti qələbəsinə inandı, bəziləri əbədi Amerika hegemonluğuna bel bağladı, başqaları isə elə zənn etdilər ki, xarici siyasətdə havadarı düzgün seçmək kifayətdir və gələcək avtomatik təmin olunacaq.
Nəticədə həddən artıq çox dövlət əsas suala başqa cür cavab verməyə başladı. Onlar "Bizim milli strategiyamız necə olmalıdır?" sualı əvəzinə, "Biz kimə qoşulmalıyıq?" sualını önə çəkdilər.
Bu isə prinsipial olaraq fərqli suallardır və mənim fikrimcə, postsovet məkanının ana faciələrindən biri də məhz buradadır. SSRİ dağıldıqdan sonra çoxlu sayda siyasi elitalar intellektual vakuumda qaldı: köhnə orientirlər itdi, öz strateji konsepsiyaları isə bir çox hallarda formalaşmadı. Müstəqil təhlil əvəzinə başqalarının modellərinin yarışı başladı. Bəziləri Vaşinqtona, bəziləri Moskvaya, bəziləri isə Brüsselə baxdı. Sonralar Pekin, Ankara və digər güc mərkəzləri də böyük əhəmiyyət kəsb etməyə başladı.
Lakin çox vaxt xarici orientir axtarışında əsas subyekt – dövlətin özü və onun milli maraqları kənarda qaldı.

Burada xüsusilə aktual olan bir fikri vurğulamaq istəyirəm: Amerika postsovet məkanını buradakı xalqların və dövlətlərin özündən daha yaxşı anlamağa borclu deyil. Vaşinqton Moskva, Kiyev, Tiflis, İrəvan, Bakı və ya istənilən başqa dövləti qiymətləndirərkən səhv edə bilər. Avropa paytaxtları da səhv edə bilər. Lakin əgər bu səhvlər ucbatından dövlət özü öz tarixini, coğrafiyasını və maraqlarını müstəqil təhlil etməkdən imtina edirsə, nəticələrin məsuliyyətini yalnız Vaşinqtonun, Brüsselin və ya Moskvanın üzərinə atmaq olmaz. Çünki adi həyatdan hər kəsə bəlli olan sadə bir qayda var: "Batanı xilas etmək batanın öz işidir".
Dövlət üçün bu qayda daha sərt səslənir: Heç kim sizin milli maraqlarınızı sizdən yaxşı qorumayacaq. Heç kim öz xarici siyasətini sizin milli maraqlarınızı nəzərə alaraq qurmağa borclu deyil və heç kim sizin tarixinizi sizdən yaxşı nəzərə almaq məcburiyyətində deyil.
Ona görə də siyasətçinin əsas vəzifəsi sabaha kimin daha güclü olacağını təxmin etmək deyil. Siyasətçinin əsas vəzifəsi öyle bir strategiya yaratmaqdır ki, böyük dövlətlər arasında güc balansı dəyişəndə də öz ölkəsinin maraqlarını qoruya bilsin. Bunun üçün isə ilk növbədə öz coğrafiyanı başa düşmək lazımdır.
Coğrafiyanı seçmək mümkün deyil. Müttəfiqi seçmək, xarici siyasət kursunu dəyişmək, iqtisadi modeli yeniləmək, təşkilata daxil olmaq və ya oradan çıxmaq olar, lakin ölkəni xəritədə başqa yerə köçürmək imkansızdır. Məhz buna görə də coğrafiya dövlət üçün sadəcə ərazi deyil, nəzərə alınmalı olan bir taledir.
Əgər ölkə bir neçə güc mərkəzinin arasında yerləşirsə, o, öz strategiyasını elə qura bilməz ki, sanki bu mərkəzlərdən yalnız biri mövcuddur. Əgər dövlət nəqliyyat, energetika və geosiyasi marşrutların kəsişməsindədirsə, bu mövqeyi zəifliyə deyil, üstünlüyə çevirməlidir. Əgər böyürdə Rusiya, İran, Türkiyə, Qafqaz, Mərkəzi Asiya və Avropa varsa, onların hansınısa strategiyadan silmək xülyadır.
Dövlət müdrikliyi bir güclü qonşunu seçib onun "kiçik tərəfdaşı" olmaqda deyil. Müdriklik müstəqil qərar qəbul etmək imkanını saxlamaqla hamı ilə münasibət qura bilməkdədir.
Mən burada özüm üçün xüsusilə doğma olan bir nümunəni gətirmək istəyirəm – doğma Azərbaycanımı.
Mən Azərbaycan yolunun bütün dövlətlər üçün universal resept olduğunu iddia etmirəm. Lakin hesab edirəm ki, bu, kiçik bir ölkənin yad güc mərkəzlərinin ideologiyasına deyil, öz milli maraqlarına söykənərək necə müstəqil regional oyunçuya çevrilə biləcəyinin çox əyani göstəricisidir.
Son 30 ildən artıq dövrdə Azərbaycan böyük bir yol keçdi. Bu müasir tarixin en vacib dönüş nöqtələrindən biri 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" oldu. Bu, sadəcə iqtisadi saziş deyil, strateji seçim idi. Azərbaycan elə bir beynəlxalq əlaqələr sistemi qurmağa başladı ki, burada iqtisadi maraqlar, energetika, nəqliyyat, təhlükəsizlik və diplomatiya eyni vaxtda dövlətçiliyin möhkəmlənməsinə xidmət etdi.

Nəticədə bugün başa düşülməsi vacib olan məqam reallaşdı: Azərbaycan nə rusmeylli, nə qərbmeylli, nə iranmeylli, nə də çinmeylli dövlət oldu. Azərbaycan PRO-AZƏRBAYCAN dövləti oldu.
Pro-Azərbaycan siyasəti Qərbdən, Rusiyadan, İrandan, Türkiyədən və ya Çindən imtina etmək demək deyil. Əksinə, hamı ilə danışmaq, lakin qərarları ilk növbədə öz milli maraqlarından çıxış edərək vermək bacarığıdır.
Məhz buna görə də Azərbaycanı artıq Cənubi Qafqazın kiçik bir postsovet ölkəsi kimi görmək mümkün deyil. Otuz il ərzində Azərbaycan regional proseslərə təsir etmək və daha geniş geosiyasi-iqtisadi əlaqələrin formalaşmasında iştirak etmək gücünə malik "middle power" – orta güc dövlətinə çevrildi. Bu, Azərbaycanın böyük dövlətlər arasında "düzgün tərəfi" seçməsi hesabına baş vermədi. Azərbaycan başqa şeyi seçdi – o, öz tərəfini seçdi.
Məhz bu məqam bu gün bütün postsovet məkanı üçün xüsusilə vacibdir. Dünya artıq 1990-cı illərdə çoxlarının təsəvvür etdiyi sistem deyil.
Amerikanın gücü nəhəng olaraq qalır, lakin ABŞ yeganə güc mərkəzi deyil.
Avropa İttifaqı dünyanın en böyük iqtisadi və siyasi oyunçularından biridir, lakin Avropa da öz daxili böhranları ilə üz-üzədir.
Rusiya böyük hərbi və nüvə dövlətidir, lakin onun da imkanlarının hüdudları var və bunu Ukraynaya qarşı təcavüzü aydın göstərdi.
Çin qlobal gücə çevrilib, Hindistan müstəqil mərkəz olur.
Türkiyə regional nüfuzunu xeyli artırıb, Mərkəzi Asiya isə artıq Moskvanın və ya Pekinin gözü ilə baxılacaq periferiya deyil.
Cənub-Şərqi Asiya dunya iqtisadiyyatının əsas mərkəzlərindən birinə çevrilir.
BİR SÖZLƏ, dunya artıq bütün fiqurların bir oyunçunun əmri ilə hərəkət etdiyi "şahmat taxtası" kimi sadə deyil. Bu, iki oyunçunun şahmat partiyası deyil. Bu, eyni vaxtda onlarca dövlətin və güc mərkəzinin öz maraqları uörunda mübarizə apardığı mürəkkəb bir sistemdir.
Ona görə də müasir siyasətçinin ən təhlükəli səhvi – dünün dünyasında yaşamağa çalışmaqdır.
1991-ci ilin mənzərəsinə əsaslanaraq bu gün strateji qərarlar vermək olmaz. SSRİ dağılandan sonra Rusiyanın postsovet məkanına təsir imkanlarını həmişəlik itirdiyini düşünmək olmaz. Amerika hegemonluğunun avtomatik olaraq Vaşinqtonun hər bir problemi həll etməyə qadir olması demək olduğunu sanmaq olmaz. Avropa İttifaqının həmişə eyni istiqamətdə gedəcəyini düşünmək olmaz. Çini kiçik görmək, Türkiyəni nəzərə almamaq, Mərkəzi Asiyanı kənar periferiya saymaq olmaz. Və nəhayət, xarici güc mərkəzinin nə istədiyinə baxa-baxa öz dövlətinin strategiyasını qurmaq olmaz. Çünki dunya siyasi dərsliklərdən daha sürətlə dəyişir.
Mənim əsas nəticəm bundan ibarətdir:
Biz, postsovet məkanında yaşayanlar, nəhayət, başqalarının strategiyalarını öyrənməklə yanaşı, öz strategiyalarımızı yaratmağı da öyrənməliyik.
Amerikanı öyrənmək lazımdır – amma onu idealizə etmədən. Avropanı öyrənmək lazımdır – amma onu gələcəyin yeganə modeli kimi görmədən. Rusiyanı başa düşmək lazımdır – amma rus təfəkkürünün girovuna çevrilmədən. Çini, Türkiyəni, İranı, Hindistanı, Mərkəzi və Cənub-Şərqi Asiyanı anlamaq lazımdır.
Lakin hər şeydən əvvəl özümüzü, tariximizi, coğrafiyamızı, iqtisadiyyatımızı, xalqımızı, imkanlarımızı və məhdudiyyətlərimizi anlamalıyıq.
Çünki dövlətin ən təhlükəli asılılığı xaricdən kömək alanda deyil, müstəqil düşünməyi dayandıranda başlayır.
Fukuyama tarix yox olduğu üçün səhv etməmişdi. BjezinSKI Avrasiya əhəmiyyətini itirdiyi üçün səhv etməmişdi. Səhv edənlər bu kitablardakı konseptual ideyaları siyasi doqmaya çevirib sadə bir sualı verməyənlər idi: "Axdı bu nəzəriyyə məhz bizim ölkəyə, bizim tarixə və bizim coğrafiyaya uyğundurmu?"
Bu gün bu sualı təxirə salmaq olmaz. Çünki postsovet məkanında səhvin bədəli pis iqtisadi proqnoz və ya uduzulmuş seçki deyil. Səhvin bədəli itirilmiş ərazilərlə, dağılmış şəhərlərlə, insan həyatı və müharibə ilə ölçülür.
Məhz buna görə Rusiya-Ukrayna müharibəsi bütün postsovet məkanı üçün sadəcə faciə deyil, həm də dərə olmalıdır: milli strategiyanı başqasının illüziyaları üzərində qurmaq olmaz. Öz taleyini autsorsinqə vermək olmaz. Kiminsə sənin ölkən üçün nəyin yaxşı olduğunu səndən yaxşı biləcəyini gözləmək olmaz. Və öz milli dövlətini – öz güc mərkəzini unudaraq özgə güc mərkəzləri arasında seçim etmək olmaz.
Bu gün dunya elə bir dövrə qədəm qoyur ki, dövlətin əsas üstünlüyü kiminsə müttəfiqi olduğunu uca səslə bəyan etmək deyil, müstəqil qərar qəbul etmək məkanını qorumaq bacarığıdır.
Gələcək böyük dövlətlərin arzularını en yaxşı təxmin edən ölkələrin deyil, böyük dövlətləri anlayan, lakin özünü anlamağı da unutmayan ölkələrin olacaq.
Amerikada yaşadığım 25 il ərzində sadə bir həqiqətə tam əmin oldum: ABŞ hər şeydən əvvəl Amerika siyasəti yürüdür, Rusiya Rusiya siyasəti, Çin Çin siyasəti, Türkiyə isə Türkiyə siyasəti. Bizim yerimizə heç kimin Azərbaycan, Ukrayna, Gürcüstan və ya digər milli siyasəti yürütməyəcəyini nə vaxt dərk edəcəyik? Hər bir dövlətin çiyinləri üzərində öz başı olmalıdır.
Məhz buna görə də Sovet İttifaqının dağılmasından 35 il keçdikdən sonra postsovet məkanına yeni yad doktrina lazım deyil. Bu məkandakı hər bir ölkəyə öz strateji təfəkkürü lazımdır. Çünki başqasının resepti çox cəlbedici görünə bilər, başqasının proqnozları inandırıcı ola bilər, lakin başqasının səhvlərinin bədəlini hər zaman biz özümüz ödəyirik.
İndi qarşıda duran əsas sual çox sadədir: Biz nə vaxt nəhayət öz reseptlərimizi yazmağa başlayacağıq?
Amerika tarixinin ən dramatik məqamlarından birində Avraam Linkolnun dediyi kimi: "Sakit keçmişin doqmaları coşğun indiki zamanın tələblərinə cavab vermir".
“AzPolitika.info”


Şərhlər