Azərbaycanda qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı istehlakçı narahatlıqları gündəmdə qalmaqda davam edir. Məhsulların tərkibi, saxlanma şəraiti, son istifadə müddəti və düzgün markalanması ilə bağlı problemlər insanların sağlamlığı üçün müəyyən risklər yarada bilər. Bu baxımdan həm istehsalçılara, həm də satış məntəqələrinə nəzarətin gücləndirilməsi və pozuntulara görə daha effektiv tədbirlərin görülməsi vacibdir.
Bəs Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması üçün hansı addımlar atılmalı və istehlakçıların hüquqları necə daha yaxşı qorunmalıdır?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib ki, qida təhlükəsizliyi yalnız məhsulların təmizliyi ilə məhdudlaşmır.
Onun sözlərinə görə, qidanın tarladan süfrəyədək keçdiyi bütün mərhələlər - istehsal, daşınma, saxlanma və satış prosesi təhlükəsizliyə təsir edən əsas amillərdəndir: “Qida zəncirinin hər hansı mərhələsində qanunvericiliyin tələblərinə əməl olunmaması məhsulun keyfiyyətinin aşağı düşməsinə və insan sağlamlığı üçün ciddi təhlükələrə səbəb ola bilər. Qanunvericiliyə əsasən, istehlakçıya məhsulun hansı istehsalçı tərəfindən istehsal edildiyi, tərkibi, enerji və qida dəyəri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər və mənşəyi barədə düzgün məlumat verilməlidir. Son istifadə tarixi də aydın şəkildə göstərilməlidir. Mümkündürsə, bütün qida məhsullarının, o cümlədən xaricdən gətirilən məhsulların üzərində məlumatların ana dilində təqdim olunması üstünlük təşkil etməlidir”.

M.Hüseynova qeyd edib ki, qaydalara əməl olunmadığı hallarda nəzarət tədbirlərinin gücləndirilməsi və cəza mexanizmlərinin tətbiqi vacibdir: “Azad bazar iqtisadiyyatının inkişafına dəstək məqsədilə bir çox sahibkar üçün əlverişli şərait yaradılsa da, bu, onların hər birinin fəaliyyətini məsuliyyətlə və vicdanla həyata keçirməsi demək deyil. Son illərdə aidiyyəti qurum tərəfindən aparılan monitorinqlərin nəticələri də bunu göstərir. Belə ki, ət və ət məhsullarında, eləcə də süd və süd məhsullarında qanunvericiliyin tələblərinə uyğun olmayan hallar, sanitariya-gigiyena qaydalarına əməl edilmədən istehsal, müxtəlif satış məntəqələrində məhsulların uyğun olmayan şəraitdə saxlanılması və satılması, hətta yararlılıq müddəti başa çatmamış məhsulların xarab olması kimi hallar aşkarlanıb. Eyni zamanda, ictimai iaşə obyektlərində və küçə ticarəti ilə məşğul olan, qida satışı həyata keçirən məntəqələrdə kütləvi zəhərlənmə hallarının qeydə alınması problemin hələ də davam etdiyini göstərir. Xüsusilə yay aylarında temperaturun yüksəlməsi bu cür halların sayının daha da artmasına səbəb olur. Məhsulların yalnız müvafiq sənədlərlə müşayiət olunması və yoxlanılması kifayət deyil. Kütləvi qida satışı həyata keçirən obyektlərdə daxili keyfiyyətə nəzarət bölmələrinin yaradılması da vacibdir”.
Ekspert istehlakçıların məsuliyyətinin də mühüm olduğunu vurğulayıb. O, vətəndaşları alış zamanı məhsulların satış və saxlanma şəraitinə diqqət yetirməyə, etiket məlumatlarını və qablaşdırmanın bütövlüyünü yoxlamağa çağırıb: “Əgər qablaşdırmada hər hansı zədə varsa və ya məhsul bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətə təklif olunursa, belə məhsullara şübhə ilə yanaşmaq lazımdır. Mümkündürsə, bu barədə aidiyyəti qurumlara məlumat verilməli, əks halda həmin məhsulların alınmasından imtina edilməlidir. Qida məhsullarının keyfiyyətinə nəzarət yalnız bir tərəfin deyil, istehsalçıların, dövlət qurumlarının və istehlakçıların birgə məsuliyyətidir. Sahibkarların məsuliyyətli davranması, dövlət nəzarətinin effektiv təşkili və istehlakçıların məlumatlı olması qida təhlükəsizliyi ilə bağlı problemlərin aradan qaldırılmasında mühüm rol oynaya bilər”.
Ekspert sonda bildirib ki, son 10 illə müqayisədə bu sahədə görülən işlər və qanunvericiliyə edilən dəyişikliklər müsbət nəticələrin olduğunu göstərir. Bununla belə, o vurğulayıb ki, qida təhlükəsizliyi və qidalanma sistemi mürəkkəb sahədir və burada hərtərəfli nəzarət mexanizmlərinin tətbiqi zəruridir: “Bu səbəbdən qida təhlükəsizliyinin təmin olunmasında hər kəs məsuliyyətli davranmalıdır”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər