Azərbaycanda 15 yaşlı şagirdlərin oxuyub-anlama bacarıqları ilə bağlı göstəricilər təhsil sistemində bu istiqamətə daha çox diqqət ayrılmasının vacibliyini göstərir.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, oxuduğunu anlama ilə bağlı mövcud vəziyyət yalnız şagirdlərin mütaliə vərdişləri ilə əlaqələndirilə bilməz. Onun sözlərinə görə, məsələ pedaqoji yanaşmalar, müəllim hazırlığı və qiymətləndirmə mexanizmləri ilə də birbaşa bağlıdır.
Nazir PISA tədqiqatlarının nəticələrinə istinad edərək qeyd edib ki, şagirdlərin əhəmiyyətli hissəsi oxuduğu mətni anlamaqda çətinlik çəkir. O, bəzi bölgələrdə aşağı nəticə göstərən şagirdlərin payının təxminən 80 faizə çatdığını bildirib və Lənkəran-Astara, Mil-Muğan, Salyan və Masallı istiqamətlərində məqsədyönlü tədbirlərin vacibliyini vurğulayıb.

Təhsil eksperti Əmrah Həsənli “AzPolitika”ya açıqlamasında bildirib ki, problemi yalnız az kitab oxumaqla izah etmək doğru deyil. Ekspertin fikrincə, əsas məsələ şagirdlərdə oxunan məlumatı təhlil etmək, məlumatlar arasında əlaqə qurmaq və nəticə çıxarmaq bacarıqlarının kifayət qədər formalaşmamasıdır.
Ə.Həsənli qeyd edib ki, uzun müddət tədris və qiymətləndirmə prosesində qrammatika, qaydalar və hazır informasiyanın mənimsənilməsi ön planda olub. PISA kimi beynəlxalq qiymətləndirmələr isə şagirdin mətni sadəcə oxumasını deyil, onun əsas fikrini müəyyənləşdirməsini, məlumatları müqayisə etməsini və əldə etdiyi nəticəni əsaslandırmasını ölçür.
Ekspert hesab edir ki, bu bacarıqların inkişafı ibtidai təhsil pilləsindən başlamalıdır. Şagirdlərə mətn haqqında sual vermək, fikirlərini əsaslandırmaq, müxtəlif mənbələri müqayisə etmək və oxuduqlarını öz sözləri ilə ifadə etmək vərdişləri aşılanmalıdır.

Təhsil eksperti, dosent İlham Əhmədov isə PISA nəticələrinin şərhi zamanı yaş qrupunun dəqiq göstərilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, PISA 15 yaşlı şagirdlərin müəyyən dövrdə əldə etdikləri funksional savadlılıq səviyyəsini qiymətləndirir və bu nəticələr bütövlükdə əhalinin intellektual göstəricisi kimi təqdim olunmamalıdır.
İ.Əhmədov bildirib ki, qiymətləndirmənin nəticələri konkret yaş qrupunun oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərini real situasiyalarda tətbiq etmək qabiliyyətini göstərir. Buna görə də nəticələr təhsil sisteminin zəif nöqtələrini müəyyənləşdirmək və inkişaf istiqamətlərini seçmək üçün istifadə edilməlidir.
Ekspertlərin fikrincə, oxuyub-anlama bacarıqlarının yüksəldilməsi üçün dərsliklərin keyfiyyəti, kurikulumun məzmunu, müəllim hazırlığı və qiymətləndirmə üsulları kompleks şəkildə təkmilləşdirilməlidir. Əsas məqsəd şagirdlərin yalnız məlumatı yadda saxlaması deyil, onu anlaması, təhlil etməsi və praktik vəziyyətlərdə istifadə etməsi olmalıdır.
E. Bəyməmmədli
AzPolitika.info


Şərhlər
Bu tərtibatla qəzet bir qədər sadə və oxunaqlı görünür. Ancaq gün ərzində gedən yazılarn səhifənin sağ tərəfində yer alması ən uğurlu variant idi. O vaxtdan sonra Azpolitika öz doğmalığını itirib.