Menu

Payız yorğunluğu, yoxsa mövsümi depressiya...? - Fərqi necə bilmək olar?

10.09.2026, 11:23
Payız yorğunluğu, yoxsa mövsümi depressiya...? - Fərqi necə bilmək olar?

Payızın gəlişi ilə günlərin qısalması və günəş işığının azalması bəzi insanlarda halsızlıq, əhval-ruhiyyənin aşağı düşməsi və motivasiya itkisinə səbəb ola bilər. Bu hallar bəzən sadə mövsümi yorğunluq kimi qəbul edilsə də, uzun müddət davam edən kədər və gündəlik fəaliyyətlərə marağın azalması diqqət tələb edir. Xüsusilə iş və sosial həyatda ciddi dəyişikliklər müşahidə olunursa, bunun səbəbinin müəyyənləşdirilməsi vacibdir. 

Bəs payızda yaşanan halsızlığın adi yorğunluq, yoxsa mövsümi depressiya olduğunu necə müəyyən etmək olar? Mövsümi dəyişikliklər insanın psixoloji vəziyyətinə nə dərəcədə təsir edir?

Mövzu ilə bağlı “AzPolitika”-ya açıqlamasında psixoloq Nizami Orucov deyib ki, payızın gəlməsi ilə günlərin qısalması, günəş işığının azalması və gündəlik rejimin dəyişməsi bəzi insanlarda əhval-ruhiyyəyə və enerji səviyyəsinə təsir göstərə bilər.

Onun sözlərinə görə, insan özünü daha yorğun hiss edə, səhərlər yataqdan qalxmaqda çətinlik çəkə və əvvəlki qədər motivasiyalı olmaya bilər: “Ancaq hər payız halsızlığını depressiya kimi qiymətləndirmək düzgün deyil. Adi yorğunluq, adətən, istirahət etdikdə və gündəlik rejim normallaşdıqda azalır. İnsan yenə də sevdiyi fəaliyyətlərdən zövq ala bilir, sadəcə enerjisi əvvəlkindən bir qədər aşağı olur. Mövsümi depressiyada isə vəziyyət daha davamlı və nəzərəçarpan olur. Əhvalın uzun müddət aşağı qalması, əvvəllər zövq aldığı fəaliyyətlərə marağın itməsi, yuxu və iştahda dəyişikliklər, diqqətin azalması, ümidsizlik və gündəlik işləri yerinə yetirməkdə çətinlik kimi əlamətlər müşahidə oluna bilər.

Burada əsas meyarlardan biri simptomların insanın gündəlik həyatına nə qədər təsir etməsidir. Əgər insan sadəcə “payız gəldi, bir az yorğunam” deyirsə, bu başqa vəziyyətdir. Amma işinə, təhsilinə, münasibətlərinə və sosial həyatına əvvəlki kimi davam edə bilmirsə və bu hal həftələrlə davam edirsə, artıq bunu sadəcə mövsümi yorğunluq kimi qəbul etmək olmaz”.

Psixoloq bildirib ki, mövsümi dəyişikliklərin psixoloji vəziyyətə təsiri yalnız əhval-ruhiyyə ilə məhdudlaşmır: “Günəş işığının azalması yuxu-oyanıqlıq ritminə təsir göstərə bilər. Bundan əlavə, havaların soyuması ilə açıq havada keçirilən vaxtın, fiziki aktivliyin və sosial fəaliyyətlərin azalması da insanın özünü daha qapalı və enerjisiz hiss etməsinə səbəb ola bilər. Eyni zamanda, hər insan payızı eyni şəkildə keçirmir. Bəziləri üçün payız əksinə daha rahat və xoş mövsümdür. Burada insanın bioloji xüsusiyyətləri ilə yanaşı, həyat tərzi, mövsümlə bağlı keçmiş təcrübələri və gündəlik vərdişləri də rol oynayır. Ona görə də əsas məsələ payızda özünü bir qədər yorğun hiss etməyin özü deyil, bu vəziyyətin nə qədər davam etməsi və insanın həyatına nə dərəcədə təsir etməsidir. Əgər əhval-ruhiyyənin aşağı düşməsi və maraq itkisi davamlıdırsa, bunu normallaşdırmaq əvəzinə psixoloq və ya psixiatr tərəfindən qiymətləndirilmək daha doğru olar”.

Oğuz Ayvaz 

 “AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol