Menu

Paşinyan Makrondan kömək istəyib - Nə müzakirə olunub?

10.09.2026, 12:15
Paşinyan Makrondan kömək istəyib - Nə müzakirə olunub?

Ermənistanın Baş naziri Nikol Paşinyan Parisə işgüzar səfəri çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, görüşdə Rusiyanın Erməniston mallarına tətbiq etdiyi məhdudiyyətlər fonunda Ermənistan iqtisadiyyatının şaxələndirilməsi məsələsi müzakirə olunub.

Ermənistan hökumətinin yaydığı məlumata görə, tərəflər iqtisadi əməkdaşlığı strateji tərəfdaşlığın prioritet istiqamətlərindən biri kimi dəyərləndirib və İrəvanın iqtisadiyyatı, həmçinin ixrac bazarlarını diversifikasiya etmək addımlarını xüsusi vurğulayıblar.

Son aylarda İrəvan Ermənistan malları üçün yeni satış pazarları tapmağa çalışır. Avropa İttifaqı Rusiyanın tətbiq etdiyi məhdudiyyətin təsirini azaltmaq və ixracın bir hissəsini Avropa bazarına yönəltmək məqsədilə Ermənistana Muxtar Ticarət Sazişləri (ATM) təklif edib. Sentyabrın əvvəlində Aİ Şurası bu təklifi təsdiqləyib. Əgər Avropa Parlamenti də sənədi bəyənərsə, yüzlərlə adda Ermənistan məhsulu güzəştli şərtlərlə Aİ bazarına daxil ola biləcək.

Görüşdə həmçinin Zəngəzurdakı Barguşat tunelinin tikintisi layihəsi də nəzərdən keçirilib. Hökumətin məlumatına görə, layihə artıq icra mərhələsinə qədəm qoyub və tərəflər tikinti işlərinə sürətlə başlanılmasının vacibliyini qeyd ediblər. Ermənistan bu tunelin inşasında Fransanın “Vinci Construction Grands Projets” və “Razel-Bec” şirkətləri ilə əməkdaşlıq edir. May ayında Makronun Ermənistana səfəri zamanı Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi ilə adıçəkilən Fransız şirkətlərinin birgə müəssisəsi arasında Anlaşma Memorandumu imzalanmışdı.

Bundan başqa, tərəflər regiondakı son prosesləri müzakirə edərək, bölgədə sülhün möhkəmləndirilməsi istiqamətində addımların davam etdirilməsinin vacibliyini vurğulayıblar. Yelisey sarayı görüşlə bağlı rəsmi bəyanat yaymayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol