Azərbaycan Dövlət Gömrük Komitəsinin 2026-cı il üçün dövlət büdcəsi qarşısında müəyyən edilmiş illik öhdəliyi 6 milyard 850 milyon manatdır.
Son rəsmi məlumatlara görə, cari ilin ilk 8 ayında DGK xətti ilə dövlət büdcəsinə 4 milyard 326,9 milyon manat vəsait daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4 faiz çoxdur.
Beləliklə, yanvar-avqust aylarının yekunlarına əsasən, gömrük orqanları üzrə müəyyən edilmiş illik proqnozun təxminən 63 faizi artıq icra olunub.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə gömrük orqanları üzrə büdcə daxilolmaları 6 milyard 369,9 milyon manat təşkil etmişdi. 2026-cı il üçün müəyyən edilən 6 milyard 850 milyon manatlıq proqnoz isə ötən ilin faktiki göstəricisindən təxminən 7,5 faiz yüksəkdir.
Bu baxımdan qarşıdakı dörd ayda gömrük daxilolmalarının dinamikası xüsusi əhəmiyyət daşıyacaq. İllik proqnozun tam icrası üçün sentyabr-dekabr aylarında büdcəyə ümumilikdə təxminən 2 milyard 523 milyon manat daxil olmalıdır.
Lakin ilin səkkiz ayının keçməsini əsas götürərək gömrük daxilolmalarının da illik proqnozun eyni proporsiyada – təxminən 63 faiz səviyyəsində olması qənaətinə gəlmək doğru olmazdı. Gömrük daxilolmaları ilin bütün ayları üzrə bərabər formalaşmır. İdxalın həcmi, xarici ticarət dövriyyəsi, mövsümi amillər, ayrı-ayrı aylarda iri həcmli idxal əməliyyatları və digər faktorlar daxilolmaların aylıq dinamikasına təsir göstərə bilər.
Ona görə də ilk səkkiz ayın nəticələrinə əsasən indidən illik proqnozun yerinə yetirilməyəcəyi barədə qəti nəticə çıxarmaq tezdir.
Digər tərəfdən, 2026-cı il üçün gömrük daxilolmaları üzrə proqnozun ötən ilin faktiki nəticəsindən əhəmiyyətli dərəcədə yüksək müəyyən edilməsi DGK qarşısında daha böyük maliyyə öhdəliyi qoyur. Bu səbəbdən ilin son dörd ayındakı göstəricilər həm cari ilin proqnozunun icrası, həm də gömrük daxilolmalarının ümumi dinamikasının qiymətləndirilməsi baxımından həlledici olacaq.
Hazırkı rəqəmlər bir tərəfdən daxilolmaların ötən ilin eyni dövrü ilə müqayisədə artdığını, digər tərəfdən isə qarşıdakı dörd ayda kifayət qədər böyük məbləğin – 2,5 milyard manatdan artıq vəsaitin toplanmalı olduğunu göstərir.
İlin yekununda proqnozun tam icra olunub-olunmayacağı isə sentyabr-dekabr aylarında xarici ticarət dövriyyəsinin və gömrük daxilolmalarının hansı dinamika nümayiş etdirəcəyindən asılı olacaq.
“AzPolitika.info”


Şərhlər