Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə Ermənistanla ticarət-iqtisadi münasibətlərdə heç bir yumşalma olmayacaq.
“AzPolitika” xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB İşləri Komitəsinin sədr müavini Konstantin Zatulinin dünən verdiyi müsahibədə səsləndirdiyi bu fikirlər Ermənistanın hakimiyyətə yaxın mediasında hiddətlə qarşılanıb.
Ermənistana girişinə qadağa qoyulan Zatulin Rusiyadakı ermənilərin də deportasiya edilə biləcəyinə eyham vurub: “Mən heç bir deportasiya tədbirinə təhrik etmək istəməzdim, çünki onlar insanlara təsir edir. Lakin onu deyə bilərəm ki, ticarət-iqtisadi münasibətlərdə hər hansı bir pisləşmə Ermənistan hökumətinin siyasəti ilə bağlıdır. O, əvvəlki ittifaqlara xəyanət etmək və düşmənlərimizlə yeni ittifaqlar qurmaq niyyətindədir. Periodik təmaslara baxmayaraq, cənab Paşinyan hakimiyyətdə olduğu müddətcə münasibətlərdə heç bir yumşalma olmayacaq".
Rusiya hakimiyyətinin adından danışan Zatulin hətta Ermənistan hakimiyyətini şantajda günahlandırıb: “Cənab (Alen)Simonyan Rusiyada yenidən səfərbərlik olacağı təqdirdə relokantları(Səfərbərlikdən qaçan rusları-red.) qəbul edəcəklərini deyir. Paşinyan özü isə Ermənistanın KTMT-dən çıxarılmasına sevinəcəyini bildirib. Bütün bunlardan sonra yalnız şantajçı hansısa məsələlərdə bizim güzəştə getməyimizi istəyə bilər. Biz isə əlbəttə ki, Ermənistanın şantajına məruz qala bilmərik”.
Zatulin həmçinin qeyd edib ki, Ermənistanın baş nazirinin Avropa İttifaqına qoşulmaqla bağlı referendum keçirmək niyyəti yoxdur: “Paşinyan bu gün referendum istəmir. O, qələbəsinə əmin deyil. Parlament seçkilərində uduzsa da, manipulyasiyalarla öz namizədliyini və parlamentdəki üstünlüyü qəbul etdirə bilib. O, seçkiləri saxtalaşdırdığını bilir. Əgər referendumun nəticəsinə əmin olsaydı, onu dünəndən keçirərdi”.
“AzPolitika.info”


Şərhlər