Son dövrlərdə “Whatsapp” hesablarının müxtəlif üsullarla ələ keçirilməsi halları internet istifadəçiləri arasında narahatlıq yaradır. Kiberdələduzlar istifadəçilərə saxta linklər, təsdiq kodları və müxtəlif bəhanələrlə müraciət edərək hesab məlumatlarını əldə etməyə çalışırlar. Hesabın ələ keçirilməsi şəxsi yazışmaların, kontaktların və digər məlumatların təhlükə altına düşməsinə, eləcə də həmin hesabdan digər şəxslərə qarşı dələduzluq edilməsinə səbəb ola bilər.
Bəs “Whatsapp” hesablarının ələ keçirilməsinin qarşısını almaq üçün istifadəçilər hansı təhlükəsizlik tədbirlərinə əməl etməlidirlər?
Bu barədə “AzPolitika”ya danışan İnformasiya Texnologiyaları mütəxəssisi Elvin Abbasov deyib ki, “Whatsapp” hesablarının ələ keçirilməsi halları texniki hakerlikdən ziyadə, doğrudan vətəndaşların etibarından sui-istifadə edən sosial mühəndislik aldatmalarına söykənir.
Onun sözlərinə görə, dələduzlar adətən “kod səhvən sizə gəldi”, “səsvermədə iştirak edin” və ya “hesabınız bloklanır” kimi bəhanələrlə 6 rəqəmli təsdiq kodunu əldə etməyə çalışırlar: “Hesabın qorunması üçün birinci və en vacib addım “Whatsapp” parametrlərindən ikiaddımlı doğrulama (Two-step verification) funksiyasını aktiv etməkdir. Bu zaman təyin etdiyiniz xüsusi PIN kod hesabın zirehinə çevrilir və dələduzlar SMS kodunu ələ keçirsələr də, həmin PIN kodu bilmədən hesaba daxil ola bilmirlər”.

Ekspert qeyd edib ki, ikinci kritik məqam telefonunuza gələn 6 rəqəmli qeydiyyat kodunu heç bir halda, hətta tanıdığınız şəxslərdən gələn xahişlərdə də kimsəyə göndərməməkdir: “Dələduzlar adətən ələ keçirdikləri dost hesablarından yazaraq etibar qazanmağa çalışırlar. Eyni zamanda, tətbiq menyusundakı “Qoşulmuş cihazlar” (Linked devices) bölməsinə mütəmadi nəzarət etmək lazımdır. Əgər burada sizə tanış olmayan brauzer və ya cihaz sessiyası görərsinizsə, dərhal “Çıxış et” düyməsini sıxaraq kənar qoşulmaları kəsməlisiniz”.
E.Abbasov sonda vurğulayıb ki, çat qruplarından və ya naməlum nömrələrdən gələn saxta hədiyyə, səsvermə və ya yardım linklərinə keçid etməkdən çəkinmək vacibdir: “Əgər hesabınızın artıq ələ keçirildiyini hiss etsanız, tətbiqi silib yenidən yükləməli və öz nömrənizlə SMS təsdiq kodunu daxil edərək hesaba təkrar daxil olmalısınız. Bu zaman digər şəxsin cihazındakı active sessiya avtomatik olaraq sonlandırılacaq”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər