Menu

"Qarabağ iqtisadiyyatı Zəfərdən sonra 3 dəfədən çox böyüyüb" - Vüqar Bayramov

11.09.2026, 11:15
"Qarabağ iqtisadiyyatı Zəfərdən sonra 3 dəfədən çox böyüyüb" - Vüqar Bayramov

Sentyabr Azərbaycan tarixinə suverenliyin tam bərpa olunduğu ay kimi daxil olub.

İqtisadçı deputat Vüqar Bayramov bildirib ki, antiterror əməliyyatı nəticəsində separatçıların kökünün kəsildiyi Qarabağda artıq iqtisadiyyatın inkişafı və reinteqrasiyası prosesi uğurla həyata keçirilir. 2025-ci ildə işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilən ümumi investisiya həcmi 5 milyard manatdan çox olub ki, bunun da 4,4 milyard manatı birbaşa dövlət büdcəsinin payına düşüb.

Daha öncə məskunlaşmış ərazilər də daxil olmaqla, Zəfərdən keçən 5 ildə Qarabağda illik məhsulun ümumi istehsalı 1 milyard 548 milyon manatdan 4 milyard 820 milyon manatadək artıb. Suverenliyin tam bərpasından sonra hər il əvvəlki ilə nisbətən regionun iqtisadiyyatında davamlı artım qeydə alınıb.

Ümumilikdə, Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb. Sahələr üzrə dinamika aşağıdakı kimidir:

-Tikinti: 3 dəfədən çox artım;

-Sənaye istehsalı: 2.8 dəfə artım;

-Kənd təsərrüfatı: 1.7 dəfə artım.

Regionda iqtisadiyyatın bütün əsas sahələrində artımlar faizlərlə deyil, dəfələrlə ifadə olunur. Fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 2020-ci ilə nisbətən 2 dəfəyə yaxın artaraq 150-dən çox olub.

Pərakəndə ticarət dövriyyəsi son 5 ildə 960.3 milyon manatdan 1 milyard 553 milyon manatadək böyüyüb. Turizm və xidmət sektorunda da canlanma müşahidə olunur: Qarabağda fəaliyyət göstərən hotellərin sayı 2020-ci ildəki 11-dən 2024-cü ildə 18-dək yüksəlib, 2025-ci ildə də yeni hotellərin istifadəyə verilməsi həyata keçirilib. Bərpa-quruculuq işlərinin miqyasını göstərən əsas göstəricilərdən biri də istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsinin 68 127 kv.m.-dən 98 795 kv.m.-dək artmasıdır.

İşğal dövründə tam xarabalığa çevrilən Qarabağ bu gün həyata keçirilən irimiqyaslı layihələr və güclü investisiya dəstəyi sayəsində tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol