Ermənistanın Baş naziri Nikol Paşinyan təbii qazın qiymətində olası artımlara baxmayaraq, ölkəsinin qaz təchizatı mənbələrini diversifikasiya etmək siyasətini davam etdirəcəyini bəyan edib.
“AzPolitika” xəbər verir ki, jurnalistlərə keçirdiyi brifinqdə Paşinyan qazın qiymət artımının vətəndaşlara əlavə yük olacağı ilə bağlı suala cavab verərkən mövqeyini qətiyyətlə ifadə edib: "Hər şeyə baxmayaraq diversifikasiya edəcəyik. Daha baha olsa da, olmasa da, nə baş verirsə versin, diversifikasiya edəcəyik. İkinci bir mənbədən qaz almaq imkanı varsa, o yolu tutacağıq. Üçüncü bir yerdən gətirmək imkanı varsa, o yolu izləyəcəyik. TRIPP layihəsi çərçivəsində Ermənistandan keçəcək və tranzit ödənişləri alacağımız bir qaz boru kəməri imkanı yaranarsa, o yolu da seçə bilərik. Bütün olası ssenarilərdə nə edəcəyimizi düşünürük".
Baş nazir "Qazprom Ermənistan"ın mənfəətlə çalışan bir şirkət olduğunu vurğulayaraq qeyd edib ki, Ermənistanda təbii qaz ucuz deyil: "Sərhəddən istehlakçıya qədər olan məsafədə qiymət artımının digər ölkələrlə müqayisədə ən yüksək olduğu yer Ermənistandır".
Diversifikasiyanın dövlət müstəqilliyi üçün vacib olduğunu bildirən Paşinyan əlavə edib: "Diversifikasiya etməyəcəyimiz heç bir sahə yoxdur. Siyasi qərarımız müstəqilliyimizi və dövlət quruluşumuzu inkişaf etdirməkdir. Qalanları cari məsələlərdir və müəyyən vəziyyətlər xüsusi həllər tələb edə bilər".
Gözlənilən qiymət artımına toxunan Paşinyan, vəziyyətə adekvat addımlar atılacağını bildirib: "Qiymət artımını tələb edən vəziyyət yaranarsa, biz də öz növbəmizdə qiymətini qaldıra biləcəyimiz və ya indiyədək pulsuz olan xidmətlərə baxacaq, mütənasib qiymət balansı formalaşdıracağıq. Yəni buna normal yanaşırıq, sakit iş şəraitində müzakirə edə bilərik və etməliyik".
AzPolitika.info


Şərhlər