Menu

SÜNİ İNTELLEKTİN YENİ TƏHLÜKƏSİ... - İctimai rəyi necə manipulyasiya edə bilər?

12.09.2026, 09:19
SÜNİ İNTELLEKTİN YENİ TƏHLÜKƏSİ... - İctimai rəyi necə manipulyasiya edə bilər?

Süni intellekt texnologiyalarının inkişafı ictimai tədbirlərin təşkilində və kommunikasiya prosesində yeni imkanlarla yanaşı, ciddi risklər də yaradır. İctimai tədbirlər zamanı tanınmış şəxslərin, təşkilatçıların və digər iştirakçıların səsi və görüntüsü saxtalaşdırılaraq ictimaiyyətə həqiqət kimi təqdim edilə bilər. Belə materialların tədbir ərəfəsində və ya tədbir zamanı sürətlə yayılması insanların tədbirə münasibətinə, iştirak qərarına və ictimai rəyə təsir etmək potensialına malikdir.

Qarşıdakı dövrdə süni intellektlə hazırlanmış siyasi və ictimai dezinformasiya ictimai tədbirlər üçün ciddi təhlükəyə çevrilə bilərmi? Süni intellektlə hazırlanmış saxta video və səslərin ictimai rəyə və insanların qərarlarına təsirinin qarşısını necə almaq olar?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis, Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, süni intellektlə hazırlanmış dezinformasiya gedən ictimai proseslər üçün ciddi təhlükə potensialına sahibdir. Ancaq əsas risk təkcə çox inandırıcı saxta video deyil, onun çox sürətli, ucuz, hədəflənmiş və qısa vaxtda yayıla bilməsidir.

Onun sözlərinə görə, müasir sintetik səs texnologiyaları saxtakarlığı ayırd etməyi çətinləşdirir. “Nature” jurnalında qeyd olunan tədqiqatlarda isə maraqlı araşdırma nəticələri qeyd olunub: “Araşdırma narahatedici nəticə verir. Belə ki, iştirakçılar videonun deepfake olduğu barədə əvvəlcədən xəbərdar edilsələr belə, videodakı məlumat onların mühakiməsinə müəyyən təsir göstərməyə davam edib. Deməli, sadəcə “Aİ ilə hazırlanıb” etiketi problemi tam həll etməyə bilər. Məsələn, ölkədə həyata keçirilən hər hansı bir ictimai proseslərə, seçkilərə, müxtəlif tədbirlərə az qalmış belə videoların sayı arta bilər. Məsələn, namizədin seçkidən çəkildiyini, müəyyən qrupu təhqir etdiyini, saxtakarlığı etiraf etdiyini və ya seçicilərə səsverməyə getməməyi söylədiyini göstərən saxta səs/video yayıla bilər. Məsələn, 2024-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatında Co Baydenin səsini imitasiya edən “AI robocall” seçicilərə praymerizdə səs verməmək mesajı çatdırmışdı.

Bununla belə, deepfake-in birbaşa səbəb-nəticə əlaqəsini sübut etmək çox çətindir. Dezinformasiyanın insanların artıq mövcud siyasi mövqelərini tamamilə dəyişdirməsindən daha çox, davranışa təsir etməsi, şübhə yaratması, seçkidə iştirak həvəsini azaltması və siyasi gündəmi dəyişdirməsi təhlükəsi var. Jurnalda dərc edilmiş eksperimental araşdırmalar generativ AI-nin siyasi mövzularda inandırıcı mesajları böyük miqyasda hazırlaya bildiyini, hətta AI ilə aparılan fərdiləşdirilmiş dialoqların namizədə münasibəti dəyişdirə bildiyini göstərir”.

Ekspertin fikrincə, bu risklərin qarşısının alınmasının ən effektiv yolu yalnız bir “deepfake detektoru”na etibar etmək deyil, eyni zamanda bir-birini tamamlayan çoxsəviyyəli müdafiə mexanizmlərinin tətbiq edilməsidir: Namizədlərin və dövlət qurumlarının yayımladığı rəsmi video və səslərə onların həqiqiliyini təsdiqləyən xüsusi rəqəmsal məlumat əlavə edilə bilər. Bu, sonradan həmin materialın dəyişdirilib-dəyişdirilmədiyini müəyyən etməyə kömək edir. C2PA və Content Credentials də məhz buna xidmət edən texnologiyalardandır.

Saxta səs və görüntülərinin yüksək sürətlə yayılması ayrıca risk kateqoriyası kimi izlənməlidir. Şübhəli viral materialların yayılması məhdudlaşdırılmalı və onların mənbəsi istifadəçiyə aydın göstərilməlidir. Media, fakt-yoxlama təşkilatları, texnologiya platformaları və nümayəndələr arasında sürətli məlumat mübadiləsi kanalı olmalıdır. Viral video ortaya çıxanda reaksiya günlərlə deyil, mümkün qədər tez olmalıdır.

Rəsmi məlumat kanalları aydın və əlçatan olmalıdır. Şübhəli video və ya səs yazısı gördükdə onun həqiqi olub-olmadığını rəsmi hesablarından və etibarlı media mənbələrindən yoxlaya bilməlidir. Yalnız saxta material yayıldıqdan sonra, bu yalandır deməkdənsə, insanlara hansı manipulyasiyalarla qarşılaşa biləcəkləri izah edilməlidir. Çünki araşdırmalar göstərir ki, sonradan xəbərdarlıq etmək deepfake-in psixoloji təsirini tam aradan qaldırmır

Buna görə ən dayanıqlı müdafiə modeli texniki autentifikasiya + sürətli fakt-yoxlama + platforma tədbirləri + hüquqi çərçivə + media savadlılığının birlikdə tətbiqidir. Yalnız “AI-generated” etiketi və ya yalnız deepfake aşkarlayan proqram kifayət etməyə bilər”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol