Son illərdə Azərbaycan vətəndaşlarının xaricə, xüsusilə də Avropa ölkələrinə miqrasiyası artıb. Rəsmi rəqəmlər də ölkədən gedənlərin sayında nəzərəçarpacaq yüksəliş olduğunu göstərir.
Belə ki, son üç ildə Avropada orta hesabla 13 mindən çox azərbaycanlı yaşamaq icazəsi alıb. 2020-ci ildə 27 Avropa ölkəsində 6 min azərbaycanlıya yaşamaq icazəsi verildiyi halda, 2025-ci ildə bu göstərici iki dəfədən çox artaraq 13 min 400 nəfərə çatıb.
İllər üzrə göstəricilər belədir:
- 2020 – 6 283 nəfər;
- 2021 – 8 095 nəfər;
- 2022 – 11 231 nəfər;
- 2023 – 15 333 nəfər;
- 2024 – 13 382 nəfər;
- 2025 – 13 400 nəfər.
Beləliklə, 2020-ci illə müqayisədə 2025-ci ildə Avropada yaşayış icazəsi alan azərbaycanlıların sayı iki dəfədən çox artıb. Ən yüksək göstərici isə 2023-cü ildə qeydə alınıb – həmin il 15 min 333 Azərbaycan vətəndaşı Avropada yaşayış icazəsi əldə edib.
Məlumata görə, onların əhəmiyyətli hissəsi Avropaya işləmək üçün gedib. Təxminən 5 min 700 nəfər iş məqsədilə, 4 minə yaxın şəxs isə təhsil almaq üçün Avropaya üz tutub.
Xaricə gedənlər arasında gənclər də üstünlük təşkil edir. Təxminən 5 min nəfər 20-35 yaş aralığındadır. Bu isə miqrasiya prosesində əmək və təhsil imkanları axtaran gənclərin xüsusi paya malik olduğunu göstərir. Avropaya gedən azərbaycanlıların üstünlük verdiyi ölkələr sırasında Almaniya, Polşa və Litva ilk üçlükdə yer alır.
İqtisadçı Xalid Kərimli "AzPolitika"ya şərhində bildirib ki, 2020 və 2025-ci illərə dair statistic göstəricilərin qarşılaşdırılması doğru deyil.

İqtisadçı bunun səbəbini həmin dövrdə pandemiyanın yaratdığı məhdudiyyətlərlə əlaqələndirib: “2020-ci ilin 2025-ci illə müqayisə edilməsi doğru deyil. Çünki 2020-ci ildə, pandemiya var idi. İnsanlar evdən çıxmırdılar, əllərini necə dezinfeksiya etməyi öyrənirdilər, maska taxırdılar. Bu şəraitdə işlər dayanmışdı. Xüsusən də zəruri olmayan işlərin hamısı distant formaya keçirilmişdi və ya təxirə salınmışdı".
X. Kərimli miqrasiyanın yalnız Azərbaycandan xaricə gedənlərlə ölçülməsinin də düzgün olmadığını bildirib.
Onun sözlərinə görə, prosesə iki istiqamətli yanaşmaq lazımdır: “Xaricdə yaşamaq istəyənlər olduğu kimi, ölkədə yaşamaq istəyən insanlar da var. Yəni buna dinamik proses kimi baxmaq lazımdır, birtərəfli proses kimi yox. Azərbaycanda da yaşamaq üçün, işləmək üçün ölkəmizə miqrasiya edən nə qədər insan olduğunu nəzərə almaq lazımdır. Bu, iki tərəfli prosesdir”.
İqtisadçı miqrasiyanın səbəbləri sırasında iqtisadi amillərlə yanaşı, sosial, təhsil və karyera imkanlarının da mühüm rol oynadığını deyib: “Burada iqtisadi faktorlar təbii ki, ciddi rol oynayır. Amma bu, təkcə iqtisadi faktorlarla bağlı deyil. Sosial, təhsil, karyera və digər məsələlər də rol oynaya bilər. Azərbaycanda təhsilin səviyyəsi Avropadakı təhsilin səviyyəsi ilə eyni deyil. Daha yaxşı keyfiyyətdə təhsil almaq istəyən çoxlu gənc Avropaya miqrasiya edir. Daha sonra həmin insanlar əmək bazarında qalaraq işləyirlər, əlaqələr formalaşdırırlar, orada qalmaq imkanlarını müəyyənləşdirirlər və işləməyə davam edirlər. Amma birinci növbədə təhsil məsələsi çox önəmlidir".
X. Kərimli karyera imkanlarının da insanların xaricə getmək qərarında mühüm amil olduğunu vurğulayıb.
Onun fikrincə, insanlar qərar verərkən yalnız maaş göstəricilərinə deyil, gəlir və xərclərlə yanaşı, gələcək perspektivlərinə də baxırlar: “Karyera məsələsi də burada çox önəmlidir. Daha sonra iqtisadi faktorlar, təbii ki, rol oynaya bilər. Ölkədə gəlirlərin səviyyəsi haqqında danışırıq, statistikaları deyirik. Amma insanlar nəyi nəzərə alır? Gəlirlərlə, xərclərlə və perspektivlərlə düşünürlər. O baxımdan, Avropada təqdim olunan vəziyyət Azərbaycandakından daha yaxşıdır. Bunu gizlətmək mümkün deyil. Hətta Avropa miqrantları daha rahat qəbul etsə, bu statistika daha çox ola bilər”.
İqtisadçı insanların daha yaxşı şərtlər və imkanlar təqdim edən ölkələrə üz tutmasının təbii olduğunu qeyd edib: “Ruandaya getmirlər bizimkilər, Zimbabveyə, Misirə getmirlər, Avropaya gedirlər. Daha yaxşı şərtlər və şərait olan yerlərə insanlar can atırlar. İnsanların ölkədən getməsində yalnız mövcud iqtisadi vəziyyət deyil, onların gözləntiləri də mühüm rol oynayır. Bu baxımdan, özlərini burada tapa bilməyənlər və yaxud daha yaxşı perspektiv görənlər ölkədən gedirlər”.
E. Bəyməmmədli
"AzPolitika.info"


Şərhlər