Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında yerləşən universitetlərdən biri üçillik bakalvar təhsillinə keçib. Avropada isə bu sistem çoxdan tətbiq edilir.
Bəs Azərbaycanda da bakalavr təhsili 3 illik ola bilərmi? Bu, baş versə, təhsil sahəsində nələr dəyişəcək?
Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən təhsil eksperti Fuad Hacıyev bildirib ki, Azərbaycanda bakalavr təhsilinin 3 ilə endirilməsi mümkündür: "Bu məsələni təkcə ali təhsilin müddəti kimi yox, ümumilikdə təhsil sistemimizin beynəlxalq modellərə uyğunlaşdırılması baxımından müzakirə etmək lazımdır. Avropanın bir çox ölkəsində 3 illik bakalavr modeli uzun illərdir tətbiq olunur. Boloniya sistemində də bakalavr proqramlarının 180–240 kredit aralığında olması normal qəbul edilir. Böyük Britaniyada, xüsusilə İngiltərə, Uels və Şimali İrlandiyada bakalavr proqramlarının böyük hissəsi 3 illikdir. Şotlandiyada isə 4 illik model daha geniş yayılıb. Tibb, stomatologiya və bəzi digər xüsusi ixtisaslarda isə təhsil müddəti daha uzun olur. Maraqlıdır ki, ənənəvi olaraq 4 illik bakalavr sistemi ilə tanınan ABŞ-da da son illərdə 3 illik proqramlara maraq artır. Artıq bəzi Amerika universitetləri 3 illik bakalavr proqramları tətbiq edir və bu model müzakirə mövzusuna çevrilib. Burada əsas məqsədlərdən biri tələbənin təhsil xərclərini azaltmaq və onun əmək bazarına daha tez daxil olmasına şərait yaratmaqdır. Yəni dünya təcrübəsi göstərir ki, bakalavr təhsilinin mütləq 4 il olması kimi dəyişməz bir qayda yoxdur. Əsas məsələ müddət yox, təhsilin məzmunu və nəticəsidir".
Ekspertin sözlərinə görə, Azərbaycanda da müəyyən ixtisaslar üzrə 3 illik bakalavr proqramlarına keçmək olar: "Amma bu, mövcud 4 illik proqramdan sadəcə bir ili çıxarmaqla edilməməlidir. Tədris proqramları yenidən qurulmalı, təkrarlanan, ixtisasla birbaşa əlaqəsi olmayan və müasir əmək bazarının tələblərinə cavab verməyən fənlər azaldılmalıdır. Əgər tələbə üç il ərzində öz ixtisası üzrə lazım olan fundamental bilikləri, praktik bacarıqları və peşə kompetensiyalarını əldə edə bilirsə, təhsili süni şəkildə dörd ilə uzatmağın mənası yoxdur. Mən bununla yanaşı, Azərbaycanda ümumi orta təhsilin də 12 ilə keçirilməsinin tərəfdarıyam. Çünki 11 illik orta təhsil sistemi xaricdə təhsil almaq istəyən tələbələrimiz üçün bəzi hallarda əlavə çətinlik yaradır. Bir çox Avropa ölkəsində, Böyük Britaniyada və ABŞ-da universitetə qəbul olunan abituriyent artıq 12 illik orta təhsil bazasına malik olur. Azərbaycanda isə məktəb 11 ildir. Bu fərqə görə bəzi xarici universitetlər Azərbaycan attestatını birbaşa bakalavr qəbuluna yetərli hesab etmir. Nəticədə tələbədən foundation, hazırlıq ili və ya əlavə akademik uyğunlaşdırma proqramı tələb oluna bilir. Bu isə həm əlavə vaxt, həm də əlavə maliyyə deməkdir.
Orta təhsili 12 ilə çatdırmaq, bakalavr pilləsində isə ixtisasdan asılı olaraq 3 və ya 4 illik proqramlar tətbiq etmək Azərbaycan üçün daha məntiqli model belə ola bilər.
Məsələn, biznes, iqtisadiyyat, idarəetmə, sosial elmlər, beynəlxalq münasibətlər və informasiya texnologiyalarının bəzi istiqamətlərində 3 illik bakalavr modeli kifayət qədər effektivlik gətirər.
Amma bütün ixtisaslara eyni yanaşmaq olmaz. Tibb, stomatologiya, mühəndisliyin bəzi istiqamətləri və geniş praktiki hazırlıq tələb edən sahələrdə müddətin azaldılması ayrıca və daha ehtiyatla qiymətləndirilməlidir.
Ən düzgün yanaşma odur ki, əvvəlcə müəyyən universitetlərdə və ixtisaslarda 3 illik bakalavr proqramları pilot şəkildə tətbiq olunsun. Daha sonra həmin tələbələrin akademik nəticələri, işə qəbul göstəriciləri, magistraturaya qəbul imkanları və diplomlarının xaricdə tanınması qiymətləndirilsin. Nəticələr uğurlu olarsa, sistem mərhələli şəkildə genişləndirilə bilər.
Ümumiyyətlə, biz təhsilin neçə il davam etdiyinə yox, həmin müddətdə tələbəyə nə verildiyinə baxmalıyıq. Məqsəd təhsili sadəcə qısaltmaq deyil. Məqsəd daha effektiv, çevik və beynəlxalq təhsil sistemi ilə uyğunlaşan model qurmaq olmalıdır".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər