Menu

Azərbaycanda həyat sığortasına maraq niyə aşağıdır? – Əsas səbəblər AÇIQLANDI

14.09.2026, 10:48
Azərbaycanda həyat sığortasına maraq niyə aşağıdır? – Əsas səbəblər AÇIQLANDI

Azərbaycanda həyat sığortası xidmətləri mövcud olsa da, bu sahəyə vətəndaşların marağının hansı səviyyədə olması diqqət çəkir. Həyat sığortası gözlənilməz hadisələr zamanı ailənin maliyyə yükünün azaldılması baxımından mühüm vasitələrdən biri hesab olunur. Lakin sığortanın üstünlükləri ilə yanaşı, şərtləri, ödənişləri və təminatları barədə əhalinin məlumatlılıq səviyyəsi də mühüm rol oynayır.

Bəs Azərbaycanda vətəndaşların həyat sığortasına marağının aşağı olmasının əsas səbəbləri nələrdir? Həyat sığortası müqaviləsi bağlayan vətəndaş hansı əsas məqamlara diqqət etməlidir?

Mövzu ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasından “AzPolitika”nın sorğusuna cavab olaraq bildirilib ki, sığorta, baş verə biləcək gözlənilməz hadisələrə, risklərə münasibətdə maliyyə yükünün azaldılmasına və maliyyə sabitliyinin təmin olunmasına xidmət edən əsas müdafiə mexanizmidir:

“Reallıq ondan ibarətdir ki, vətəndaşlarımızda sığorta vərdişləri və sığorta məlumatlılığı tədricən və mərhələli şəkildə formalaşır. Cəmiyyətin sığorta məlumatlılığının təmin olunması məqsədilə artıq 6-cı ildir ki, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində ümumrespublika səviyyəsində sığorta maarifləndirməsi tədbirləri həyata keçirilir. Heç şübhəsiz bu tədbirlərin uğurlu nəticəsidir ki, ötən 5 il ərzində sığorta bazarımızda davamlı böyümə tendensiyası müşahidə olunur. Faiz rəqəmləri ilə ifadə etsək yerli ümumi sığorta bazarında 2021-ci ildə 16%, 2022-ci ildə 18%, 2023-cü ildə 26%, 2024-cü ildə 10%, 2025-ci ildə isə 11% böyümə qeydə alınıb.

Sevindirici haldır ki, bu böyümədə Həyat sığortası sinfi xüsusilə aktiv, hətta Lokomotiv rolunu oynayıb desək, yanılmarıq. Belə ki, 2025-ci ilin sığorta icmalına nəzər salsaq görürük ki, hesabat dövrü ərzində ümumi sığorta haqları 1 milyard 504 milyon manat təşkil edib ki, bunun da 853 milyon manatı Həyat sığortası sinfinin hesabına formalaşıb və müvafiq dövrdə Həyat sığortası bazarında 16,2% böyümə qeydə alınıb. Müvafiq dövrdə həyata keçirilən sığorta ödənişləri isə 920 milyon manat təşkil edib ki, bunun da 642 milyon manatı Həyat sığortası sinfinin payına düşür və ödənişlərdə 2024-cü illə müqayisədə 33% artım müşahidə olunur.

Azərbaycan Mərkəzi Bankının ən son açıqladığı və 2026-cı ilin yanvar-iyul aylarını əhatə edən sığorta icmalında da Həyat sığortası sinfində böyümə tendensiyası davam edir. Belə ki, hesabat dövrü ərzində 1 milyard 6 milyon manat ümumi sığorta haqqı toplanıb ki, bunun da 580 milyon manatı Həyat sığortası sinfinin hesabına formalaşıb və Həyat sığortası bazarında 9,2% böyümə qeydə alınıb. Həmçinin müvafiq dövrdə 671 milyon manat ümumi sığorta ödənişi həyata keçirilib ki, bunun da 495 milyon manatı Həyat sığortasının payına düşür və ötən ilin dövrü ilə müqayisədə 31,8% artım olub.

İstər həyat, istərsə də qeyri-həyat sığortası əldə edən vətəndaşlara tövsiyəmiz ondan ibarətdir ki, sığorta şəhadətnaməsində qeyd olunan şərtlərə, istisnalara, təminat verilən risklərə xüsusi fikir versinlər”.

Oğuz Ayvaz 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol