Ukraynanın hüquq-mühafizə və korrupsiyayla mübarizə orqanları arasında dərin qarşıdurma baş qaldırıb. Baş prokuror Ruslan Kravçenko Beynəlxalq Korrupsiya Mübarizə Bürosunun (NABU) rəhbəri Semyon Krivonosu sənədləri saxtalaşdırmaqda günahlandırıb və ardınca ölkəni tərk edib.
"AzPolitika" xəbər verir ki, bu barədə məlumatı Qərb mediası yayıb. Məlumata görə, Kravçenko Ukraynadan getdikdən sonra "Telegram" kanalı vasitəsilə müraciət yayımlayaraq NABU rəhbərinə qarşı ittihamlar irəli sürüb. O, Semyon Krivonos barəsində rəsmi şübhə bildirişi imzaladığını, NABU rəhbərinin qanunsuz mənfəət əldə etmək və sənəd saxtakarlığı məqsədilə xəyali övladlığa götürmə əməliyyatları həyata keçirdiyini iddia edib.
Qarşıdurma sentyabrın 8-də NABU və Xüsusi Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAPO) keçirdiyi "Kartaqen" kod adlı birgə əməliyyatdan sonra alovlanıb. Əməliyyat çərçivəsində Baş Prokurorluğun Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Sergey Kropiva və digər bir əməkdaş saxlanılıb. Əməliyyatçılardan ibarət şəbəkənin fırıldaqçı çağrı mərkəzlərindən milyonlarla dollar mənimsədiyi və çirkli pulları yuduğu bildirilir.
Baş prokuror Kravçenko isə "Kartaqen" əməliyyatının əsl məqsədinin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərliyi haqqında məlumat toplamaq olduğunu və bu məlumatların bir hissəsinin "oğurlandığını" iddia edərək istefa verdiyini bəyan edib.
"Ukrainskaya Pravda"nın məlumatına görə, Kravçenko sentyabrın 14-nə keçən gecə hökumətə məxsus avtomobillə Ukrayna sərhədini keçib. Sonradan ölkədə olmadığını təsdiqləyən keçmiş Baş prokuror bunu "işgüzar səfər" kimi qələmə verməyə çalışaraq, beynəlxalq tərəfdaşları Ukraynadakı real vəziyyət barədə məlumatlandıracağını bildirib.
Öz növbəsində, NABU və SAPO ittihamları rədd edərək, baş verənləri "müstəqil korrupsiyaya qarşı mübarizə qurumlarına qarşı sistemli hücum" adlandırıb. Büro rəhbərliyi Kravçenko tərəfindən heç bir rəsmi şübhə bildirişinin daxil olmadığını vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski məsələyə kəskin reaksiya verərək Baş prokurorun tək yolunun istufa olduğunu bəyan edib: "Mən ona tam olaraq bunu dedim. Ukrayna bütün səbəbləri gördü. Əgər bunu siyasi təzyiq kimi qiymətləndirirsə, qoy elə də adlandırsın. Deputatlardan onun istefasını dərhal dəstəkləmələrini xahiş edirəm".
Qanunvericiliyə əsasən, Baş prokurorun istefası Ukrayna Ali Radası (Verxovna Rada) təsdiqlədikdən sonra hüquqi qüvvəyə minəcək.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər