Böyük Britaniyanın nüfuzlu "The Economist" nəşrində ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna lideri Volodimir Zelenski arasındakı münasibətlərin dinamikasına dair geniş analitik məqalə dərc olunub.
Nəşr bildirir ki, Vaşinqtonun Kiyevə münasibətində, xüsusən də Trampın şəxsi mövqeyində nəzərəçarpan istiləşmə müşahid olunur. Bu dəyişikliyin pərdəarxasında isə Ukraynanın cəbhədə və Rusiya ərazisinin dərinliklərində həyata keçirdiyi gözlənilməz hərbi-strateji həmlələr dayanır.
"AzPolitika" xəbər verir ki, analitiklər iki lider arasındakı gərginliyin azalmasını və dialoqun müsbət məcraya düşməsini Ukraynanın hərbi müstəvidə nümayiş etdirdiyi "özünəinam və effektivlik"lə əlaqələndirirlər.
Məqalədə qeyd olunur ki, Tramp administrasiyası ilk vaxtlar Ukraynanın əlindəki resursların tükəndiyini və Kiyevin danışıqlar masasında "zəif kartlara" sahib olduğunu düşünürdü. Lakin Volodimir Zelenski həm hərbi, həm də diplomatik gedişləri ilə bu təsəvvürü alt-üst etməyi bacarıb.
Ukrayna hərbi sənayesinin son aylarda sürətlə inkişaf etdirdiyi uzaqfərmanlı pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Rusiya ərazisinin min kilometrlərlə dərinliyində yerləşən hərbi aerodromlara, neft emalı zavodlarına və strateji logistika mərkəzlərinə ardıcıl zərbələr endirməsi Vaşinqtonda, xüsusilə də Trampda xüsusi heyranlıq yaradıb. Nəşrin yazdığına görə, Tramp hərbi gücə, effektivliyə və "cavab zərbəsi endirmək bacarığına" üstünlük verən lider kimi, Ukrayna ordusunun bu taktiki uğurlarını yüksək qiymətləndirib.
Məqalənin ən diqqətçəkən məqamlarından biri ABŞ və Ukrayna arasında hərbi-texniki əməkdaşlığın yeni formata keçməsi ilə bağlıdır. Tramp administrasiyası Ukraynaya birbaşa hazır silah göndərmək əvəzinə, Amerika texnologiyaları əsasında müdafiə sənayesi məhsullarının yerli bazada istehsalı üçün lisenziyaların verilməsinə yaşıl işıq yandırır.
Söhbət xüsusilə "Patriot" zenit-raket kompleksləri üçün raketlərin Ukrayna ərazisində yığılması lisenziyasından gedir. Hərçənd ki, Tramp bu lisenziyanın raketlərin "daha az müasir (köhnə) versiyalarına" şamil olunacağını bildirib, ekspertlər bunu Kiyev üçün nəhəng strateji nailiyyət hesab edirlər. Bu addım Ukraynanın müdafiə sənayesini Birləşmiş Ştatların hərbi kompleksinə inteqrasiya edir və gələcəkdə hərbi təchizatın kəsilməsi riskini sıfıra endirir.
"The Economist" vurğulayır ki, Trampın Zelenskiyə qarşı münasibətinin dəyişməsi həm də onun siyasətə "biznes və güc" prizmasından yanaşması ilə bağlıdır. Ukraynanın sadəcə yardım istəyən tərəf kimi deyil, öz texnologiyası (dronlar), öz ordusu və Rusiya iqtisadiyyatına zərər vurmaq qabiliyyəti olan bir tərəfdaş kimi çıxış etməsi Trampın biznes fəlsəfəsinə uyğun gəlir.
Ekspertlərin qənaətinə görə, Zelenskinin bu "strateji gedişləri" Trampın diqqətini cəlb etməklə yanaşı, Ukraynanın ABŞ dəstəyindən tamamilə məhrum olması riskini aradan qaldırıb və Kiyevin gələcək sülh danışıqlarındakı mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib.
Rasim Əliyev
"AzPolitika.info"


Şərhlər