Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Ukraynadakı son korrupsiya faktları və siyasi proseslərlə bağlı açıqlama verib.
Partiya sədrinin sözlərinə görə, Ukrayna həm ərazi bütövlüyünü qorumaq uğrunda müharibə aparır, həm də çətin hüquqi dövlət quruculuğu yolu keçir: “Demokratik və hüquqi dövlət qurmaq böyük mübarizədən keçir. Təəssüf ki, demokratiya və insan hüquqları ilə bağlı dəyərlər hətta Qərb ölkələrində də dəyərsizləşir, korrupsiya və avtoritarizm genişlənir.”
Q.Həsənquliyev Ukraynada prokurorluq əməkdaşlarının iştirakı ilə ifşa olunan “zəng mərkəzi” dələduzluq sxemlərinə toxunaraq bildirib ki, bu sxemlərdən Azərbaycan vətəndaşları da əziyyət çəkib və daxili işlər nazirlərinin telefon danışığında bu məsələnin müzakirə olunduğuna əmindir.
Deputat qeyd edib ki, Ukraynadakı bu tipli korrupsiya qalmaqallarından ABŞ başda olmaqla bəzi siyasi dairələr ölkəyə qarşı təzyiq aləti kimi istifadə edir və onu təslimçi sülhə məcbur etməyə çalışırlar.
"AzPolitika.info"


Şərhlər