Menu

“Bu baza bizə baha başa gəlir...” - Gümrü bazası ətrafında müzakirələr qızışır

15.09.2026, 20:27
“Bu baza bizə baha başa gəlir...” - Gümrü bazası ətrafında müzakirələr qızışır

Son günlər Ermənistanda Gümrüdəki Rusiya hərbi bazası mövzusu tez-tez gündəmə gətirilir. 

“AzPolitika” xəbər verir ki, erməni mediasında bu məsələ ilə bağlı Ermənistan parlamentinin sədr müavini Vaaqn Aleksanyanın açıqlaması yayılıb.

Həmin açıqalmasında Aleksanyan bəyan edib ki, Rusiya hərbi bazası Ermənistana baha başa gəlir. Bununla yanaşı, onun dediyinə görə, İrəvan həm bu bazanın çıxarılmasını, həm də saxlanılmasını müzakirə etməyə hazırdır.

O əlavə edib ki, Ermənistan tərəfi Moskvadan Gümrüdən bazasını çıxarmaq niyyəti ilə bağlı heç bir açıqlama almayıb.

"Əgər Rusiya hərbi bazasını çıxarmaq istəyirsə, bunu elan etməlidir. Əgər çıxarmazlarsa, bu da müzakirə mövzusudur. Biz bunu müzakirə etməyə hazırıq", - Aleksanyan vurğulayıb.

Hakim Vətəndaş Müqaviləsi Partiyasından olan parlament üzvü Nazeli Baqdasaryan da bu mövzuda jurnalistlərə açıqlama verib. O soruşub ki, Rusiya Ermənistandakı bazası məsələsini niyə vaxtaşırı qaldırır? Onun fikrincə, bu məsələni Ermənistandakı rusiyapərəst müxalifət qızışdırır. Parlament üzvü əlavə edib ki, Rusiya bazası məsələsi müqavilələrlə tənzimlənir: "Hazırda top Rusiyanın meydanındadır. Əgər ictimai bəyanatlar verilirsə, sonrakı hərəkətlər də izlənilməlidir".

Baqdasaryan "Güclü Ermənistan" müxalifət partiyasının lideri, milyarder Samvel Karapetyanın açıqlamalarına da sərt münasibət bildirib və onun Rusiyaya xidmət etdiyinə eyham vurub: "Onun xidmət etdiyi gündəmi başa düşürəm; bəlkə də onların sahibə ehtiyacı var, amma vətəndaşlarda heç vaxt belə ehtiyac olmayacaq".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol