Menu

SOSİAL ŞƏBƏKƏLƏRDƏ “İDEAL HƏYAT” YARIŞI... - Niyə hamı xoşbəxt görünməyə çalışır?

17.09.2026, 09:07
SOSİAL ŞƏBƏKƏLƏRDƏ “İDEAL HƏYAT” YARIŞI... - Niyə hamı xoşbəxt görünməyə çalışır?

Bu gün sosial şəbəkələr insanların yalnız gündəlik həyatını deyil, özlərini cəmiyyətə necə təqdim etdiyini də müəyyənləşdirir. Bir çox insan real həyatda yaşadığı problemləri gizlədərək internetdə daha xoşbəxt və uğurlu görünməyə çalışır. Bahalı restoranlar, səyahətlər və ideal ailə görüntüləri bəzən gerçək həyatla sosial media arasındakı fərqi daha da böyüdür.

Bəs insanlar niyə öz həyatlarını başqalarının gözündə olduğundan daha yaxşı göstərmək ehtiyacı hiss edirlər? Sosial şəbəkələrdə ideal həyat görüntüsünün yaradılması insanların psixologiyasına necə təsir edir? Daim xoşbəxt görünmək istəyi cəmiyyətdə yeni sosial təzyiq forması yaradırmı?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında psixoloq Dilruba Həsənova bildirib ki, bu gün insanın həyatı yalnız yaşadığı həyatdan ibarət deyil. İnsan bir tərəfdən öz həyatını yaşayır, digər tərəfdən isə onu başqalarına necə göstərdiyini düşünür.

Onun sözlərinə görə, sosial şəbəkələr özünü təqdim etmək üçün insanlara böyük bir səhnə yaradıb. İnsanlar isə çox vaxt bu səhnəyə həyatlarının bütün həqiqətlərini deyil, göstərmək istədikləri tərəflərini çıxarırlar: “Arzularını xəyallarında yaşayır. Bahalı restoran, gözəl səyahət, uğurlu karyera, ideal münasibət, xoşbəxt ailə... Amma həmin görüntünün arxasında nə baş verdiyini çox vaxt bilmirik. Əslində burada məsələ sadəcə “özünü göstərmək” deyil. Bunun arxasında insanın çox qədim bir psixoloji ehtiyacı dayanır: qəbul olunmaq, bəyənilmək və dəyərli hiss etmək. İnsan sosial varlıqdır. Başqalarının onun haqqında düşüncəsi onun özünə verdiyi dəyərə də təsir göstərə bilər. Sosial şəbəkələr isə bu ehtiyacı daha görünən və ölçülə bilən hala gətirib”.

Psixoloq qeyd edib ki, əvvəllər insan özünü bir neçə nəfərlə müqayisə edirdisə, indi bir neçə dəqiqə ərzində yüzlərlə, hətta minlərlə insanın həyatına baxa bilir. Problem də məhz burada başlayır: “Biz öz həyatımızın bütün tərəflərini başqalarının həyatının seçilmiş, düzəldilmiş və ən gözəl anları ilə müqayisə edirik. İnsan özünün yorğun, uğursuz və qarışıq bir günündə başqa birinin tətil fotosuna baxıb düşünə bilər: “Hamının həyatı yaxşı gedir, mənimki niyə belədir?” Halbuki həmin foto bəlkə də o insanın həyatında cəmi bir neçə dəqiqəlik xoş anı göstərir. Beləcə, sosial müqayisə insanın reallıq hissini dəyişə bilər. Daha maraqlısı isə budur ki, bir müddət sonra insan yalnız başqalarının ideal həyatına baxmır, öz həyatını da ideal göstərməyə başlayır. Çünki cəmiyyət bizə tədricən belə bir mesaj verir: uğurlusan — göstər, xoşbəxtsənsə — göstər, gözəlsənsə — göstər, ailən varsa — göstər. Sanki yaşamaq kifayət etmir, yaşadığını sübut etmək də lazımdır. Bəzən insan restoranda yeməkdən çox, onun şəklini çəkməklə maraqlanır. Səyahətdən çox, həmin səyahətin necə göründüyü önəmli olur. Münasibətin özündən çox, onun başqalarının gözündə necə göründüyü düşünülür. Bu isə insanı yavaş-yavaş öz həyatının iştirakçısından nümayiş etdirdiyi həyatın idarəçisinə çevirə bilər”.

D.Həsənova əlavə edib ki, insan özünü göstərərək özünü tapmağa çalışır, amma bəzən göstərdiyi obrazın içində özünü itirir: “Çünki daim “Mən necə görünürəm?” sualını verən insan bir müddət sonra “Mən əslində nə hiss edirəm?” sualını eşitməyə bilər. Ən təhlükəli tərəfi isə daim xoşbəxt görünmək məcburiyyətidir. Həyatın təbii hissələri — kədər, uğursuzluq, yorğunluq, tək qalmaq, münasibətdə problem yaşamaq və qərarsızlıq — sosial mediada çox da nümayiş etdirilmir. İnsan başqalarının həyatında bunları görmədikcə öz problemlərini anormal hesab etməyə başlaya bilər. Beləliklə, yeni bir sosial təzyiq yaranır: xoşbəxt olmasan belə, xoşbəxt görünməlisən.

Bu, xüsusilə psixoloji baxımdan təhlükəlidir. Çünki insanın real emosiyası ilə nümayiş etdirdiyi emosiyası arasındakı məsafə böyüdükcə daxili uyğunsuzluq yarana bilər. İnsan kədərli olduğu halda “hər şey möhtəşəmdir” obrazını davam etdirdikcə öz hisslərini qəbul etməkdə çətinlik çəkə bilər”.

Psixoloq vurğulayıb ki, əslində sağlam psixologiya bizə daim xoşbəxt olmağı yox, öz emosiyalarımızı tanımağı və qəbul etməyi öyrədir: “İnsanın dəyəri neçə “like” aldığı ilə ölçülmür. Münasibətinin nə qədər ideal göründüyü, hansı restoranda oturduğu və ildə neçə dəfə səyahət etdiyi də onun daxili dəyərinin göstəricisi deyil. Bəlkə də bu gün özümüzə verməli olduğumuz ən vacib sual budur: “Mən həqiqətən belə yaşayıram, yoxsa belə görünmək üçün yaşayıram?” Çünki sosial şəbəkədə yaratdığımız obraz başqalarını aldada bilər. Amma insan uzun müddət özünü aldada bilmir. Bəlkə də əsl azadlıq həyatını hamıya gözəl göstərməkdə deyil, həyatının hər anını göstərmək məcburiyyətində hiss etməməkdədir. Çünki bəzi xoşbəxtliklər paylaşılmır. Bəzi uğurların fotosu olmur. Bəzi münasibətlər sübut tələb etmir. Bəzən insanın ən real həyatı heç kimin görmədiyi həyatdır”.

Oğuz Ayvaz 

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol