Azərbaycanda qadın və kişilərin orta aylıq əməkhaqqı arasında fərqin yüksək olması əmək bazarında gender bərabərliyi məsələsini yenidən gündəmə gətirir. Xüsusilə maliyyə, sığorta, peşə, elmi və texniki fəaliyyət kimi sahələrdə maaş fərqinin yüzlərlə, hətta min manatdan çox olması diqqət çəkir. Təhsil sektorunda fərq nisbətən az olsa da, qadınların orta əməkhaqqının kişilərdən aşağı olması ümumi tendensiyanın dəyişmədiyini göstərir.
Bəs bu fərqin əsas səbəbləri nələrdir və qadınların əmək bazarında daha yüksək gəlir əldə etməsi üçün hansı addımlar atılmalıdır?Azərbaycanda qadın və kişilər arasında əməkhaqqı fərqinin əsas səbəbi nədir?
Bu barədə “AzPolitika”ya danışan millət vəkili Fazil Mustafa bildirib ki, gender bərabərliyini maaş məsələsi kontekstində qiymətləndirmək düzgün yanaşma deyil.
Onun sözlərinə görə, ümumiyyətlə, gender bərabərliyini bu kontekstdə götürmək doğru deyil. Bu, gender hüquqları ilə bağlı məsələdir: “Maaşlar isə konkret peşənin qiymətləndirilməsi ilə əlaqəlidir. Ona görə də bunu gender bərabərsizliyi kimi xarakterizə etmək düzgün deyil. Amma elə sahələr var ki, qadınların həmin sahələrdə işləmək imkanları məhduddur. Orada daha çox kişilər çalışır və buna uyğun olaraq daha yüksək maaş alırlar. Bu baxımdan, məncə, məsələni daha çox ümumilikdə maaşların artırılması kontekstində qiymətləndirməliyik. Çünki bazar şərtlərinə uyğun olaraq insanların yaşayış imkanlarını yaxşılaşdıran səviyyədə maaş verilməlidir. Bunun üçün isə iqtisadiyyat güclü olmalıdır. İş adamlarının və sahibkarlığın maneələrdən azad olunması vacibdir”.
Millət vəkilinin sözlərinə görə, problemin yalnız qadınların maaşlarının aşağı olması kontekstində müzakirə edilməsi doğru deyil: “Bu problemləri, hesab edirəm ki, daha fərqli kontekstdə müzakirə etməliyik. Çünki bu, təkcə qadınların maaşlarının az olması məsələsi deyil. Ümumiyyətlə, insanların, cinsindən asılı olmayaraq, aldıqları maaşların heç də arzuladıqları səviyyədə olmadığı görünür. Xüsusilə dövlət sektorunda müəyyən maaş standartları var. Bu standartların artırılması büdcə üçün müəyyən problemlər yaratdığına görə çətin olur. Amma özəl sektorda da maaşların artırılması perspektivləri nəzərdən keçirilməlidir. Bunun üçün özəl sektorun bu istiqamətdə inkişafı təşviq olunmalıdır. Bu təşviq edilmədikcə, indiki şəraitdə hansısa gözləntinin reallaşması mümkün olmayacaq.
Bu baxımdan, maaşlar məsələsi üzərindən gender bərabərliyinə qiymət vermək adekvat yanaşma sayıla bilməz”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər