Menu

“Sülhə yeganə maneə Ermənistan Konstitusiyasıdır” – Hikmət Hacıyev

16.09.2026, 19:37
“Sülhə yeganə maneə Ermənistan Konstitusiyasıdır” – Hikmət Hacıyev

Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev ABŞ Konqresinin üzvü Abraham Hamadehin Ermənistan-Azərbaycan sülh prosesinin gedişatı ilə bağlı verdiyi nikbin açıqlamaya münasibət bildirib.

Amerikalı konqresmen ABŞ mediasına müsahibəsində sülh danışıqlarının gözləniləndən daha sürətlə irəlilədiyini və yekun sülh sazişinin Donald Trampın hazırkı prezidentlik müddəti başa çatmazdan xeyli əvvəl imzalanacağını bəyan etmişdi.

Hikmət Hacıyev “Gününsəsi.info”ya açıqlamasında Azərbaycanın sülh prosesinə sadiqliyini növbəti dəfə təsdiqləyərək, regionda faktiki olaraq sülh mühitinin bərqərar olduğunu vurğulayıb: “Cənab Prezidentin dediyi kimi, Azərbaycan üçün sülh ab-havası artıq var. Belə ki, de-fakto olaraq sülh var. 8 avqustda Prezident Trampın iştirakı və şahidliyi ilə Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşması haqqında sənəd parafladı”.

Sülh müqaviləsinin rəsmən imzalanması üçün əsas şərtə toxunan Prezidentin köməkçisi, əsas diqqəti İrəvanın hüquqi müstəvidəki öhdəliklərinə yönəldib: “Ermənistandakı daxili siyasi gündəliyin tərkib hissəsi olaraq müəyyən proseslər olmalıdır. Açıq şəkildə desək, Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı olan müddəa var ki, onun da aradan qaldırılması lazımdır”.

Rəsmi Bakının sülh üçün heç bir başqa maneə görmədiyini qeyd edən H.Hacıyev prosesin yekunlaşmasının Ermənistan rəhbərliyinin atacağı addımlardan asılı olduğunu bəyan edib: “Biz bundan sonra sülh müqaviləsi üçün hər hansı maneə görmürük. Bütün hallarda bu, Ermənistanın daxili siyasi gündəliyindən asılıdır. Biz çox böyük ümid edirik ki, bu baş versin”.

Rasim

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol