Menu

Dünya ulduzları Bakıya gələcəklər

17.09.2026, 14:05
Dünya ulduzları Bakıya gələcəklər

Paytaxtın nüfuzlu mədəniyyət ocaqları 28 oktyabr-8 noyabr 2026-cı il tarixlərində keçiriləcək Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) builki proqramının əsas iştirakçılarını elan etməyə davam edir.

"AzPolitika" xəbər verir ki, bu barədə festivalın mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onların arasında musiqi, müasir xoreoqrafiya, dram teatrı və vizual sənətlərin dünyaca tanınmış ulduzları yer alır.

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünya səviyyəli skripkaçı David Qarrett Bakıda yeganə konsertini təqdim edəcək. Klassik krosoverin müasir üslubunun formalaşmasında böyük rol oynamış, Zaxar Bron, İda Hendel kimi ustadların yanında klassik musiqi təhsili almış sənətçi "Juilliard" məktəbinin məzunudur. Gənclik illərində o, Yehudi Menuhin də daxil olmaqla görkəmli dirijorlarla əməkdaşlıq edib. Menuhin onu "öz dövrünün ən böyük skripkaçısı" adlandırıb. Güclü akademik baza Qarrettə janrlar və müxtəlif dövrlərin musiqiləri arasında sərbəst hərəkət etmək üçün inam və azadlıq verərək ona "klassik səhnənin Cimi Hendriksi" və "popun Paqaninisi" ləqəblərini qazandırıb. Klassik musiqinin rok ulduzu Bakıya ilk dəfə məşhur "Minilliyin Simfoniyası" ("Millennium Symphony") proqramını gətirəcək.

Bildirilib ki, möhtəşəm şouda son 25 ilin ən böyük hitləri skripka üçün genişmiqyaslı simfonik aranjimanlarda səsləndiriləcək. Tamaşaçıları parlaq texnika, rok səhnəsinin enerjisi və dövrümüzün ən xarizmatik sənətkarlarından birinin yaradıcılıq azadlığının emosional vəhdəti gözləyir. Gözəl axşam üçün ideal məkan olan Heydər Əliyev Mərkəzinin axıcı və sanki çəkisiz görünən memarlığı Qarrettin musiqisindəki güc və hüdudsuzluq hissi ilə ahəng təşkil edir.

Həmin səhnədə noyabrın 3-də və 4-də tanınmış "Rezo Qabriadze Kukla Teatrı" dövrümüzün ən diqqətəlayiq və poetik teatr hadisələrindən biri olan "Alfred və Violetta" tamaşasını təqdim edəcək. Görkəmli gürcü teatr xadimi Rezo Qabriadzenin yazdığı və ilk dəfə səhnələşdirdiyi tamaşa tamamilə yeni quruluşda qayıdır. Müəllif 2021-ci ildə vəfatından az öncə əsəri demək olar ki, yenidən yazıb. Son səhnələşdirməni isə onun oğlu, rejissor Leo Qabriadze tamamlayıb. Aleksandr Dümanın (oğul) "Kameliya xanım" romanından və Cüzeppe Verdinin "Traviata" operasından tanınan klassik sevgi hekayəsi 1990-cı illərin tufanlı Tbilisisinə köçürülür - burada qəhrəmanlar daha ağır sınaqlardan keçməlidirlər. Yenilənmiş tamaşanın dünya premyerası 2022-ci ilin fevralında Venesiyadakı "Teatro Goldoni" teatrında keçirilib. Əsər həm tamaşaçıları, həm də tənqidçiləri heyran edib. İtaliya mətbuatında bu haqda geniş müzakirələr gedib: "Qabriadze yumorla dərin kədəri birləşdirən özünəməxsus teatr üslubunun ustasıdır. O, canlı və duyğulu təsir bağışlayan kuklalar vasitəsilə sirli, bənzərsiz bir dünya yaradır." (La Nuova, Venesiya, 2022).

Mətbuat xidmətinin məlumatına görə, noyabrın 6-da və 7-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Bakı tarixində ilk dəfə tanınmış "İngiltərə Milli Baleti" (English National Ballet) truppasını qəbul edəcək. Truppa müasir xoreoqrafların iki seçkin əsərini bir araya gətirən "Hərəkətin ustaları: Forsayt / Payt" proqramını təqdim edəcək. Proqramda Kristal Paytın "Bədən və ruh (I hissə)", Uilyam Forsaytın isə "Pleylist (EP)" əsərləri nümayiş olunacaq. "Bədən və ruh (I hissə)" münaqişə və bağlılığı araşdıran hipnotik əsərdir. Tamaşa intim duetlə başlayıb tədricən genişlənərək səhnə boyunca təsirli hərəkət dalğaları yaradan böyük bir ifaçı qrupuna çevrilir. "Pleylist (EP)" enerjili və şən əsərdir. Burada klassik balet texnikası və atletik hərəkətlər Barri Uayt, Natali Koul və Xalid də daxil olmaqla pop, R&B və haus musiqisinin ritmləri ilə birləşərək tamaşaçıya yüksək əhval-ruhiyyə bəxş edir.

Vurğulanıb ki, digər tanınmış truppa - Sergey Dyaqilevin "Ballets Russes" məktəbinin birbaşa varisləri olan "Monte-Karlo Baleti" (Les Ballets de Monte-Carlo) da Bakıda ilk dəfə çıxış edəcək. Noyabrın 7-də Heydər Əliyev Sarayında onlar görkəmli xoreoqraf Jan Kristof Mayyonun "Qu gölü" baletinə radikal yeni baxışı olan "LAC" əsərinin Bakı premyerasını təqdim edəcəklər. 1993-cü ildən truppaya rəhbərlik edən Mayyon Avropanın ən nüfuzlu müasir xoreoqraflarından biridir. Onun tamaşaları dünyanın aparıcı səhnələrində nümayiş olunur. Mayyon klassik balet ənənələrini müasir teatr dili ilə məharətlə birləşdirməsi ilə tanınır. "LAC" əsərində o, orijinal partituranı qorusa da, səhnə təhkiyəsini tamamilə yenidən qurur və klassik nağılı qaranlıq psixoloji ailə dramına çevirir. 2011-ci ildə Monakoda baş tutan premyerasından bəri "LAC" dünyanın aparıcı teatrlarında nümayiş etdirilib və tənqidçilər tərəfindən bu şah əsərin ən parlaq müasir yozumlarından biri kimi dəyərləndirilib. Bakıdakı təqdimat isə xüsusi əhəmiyyət daşıyır: tamaşa Çaykovskinin orijinal əsərinin yaranmasının 150 illiyinə təsadüf edən yubiley mövsümündə nümayiş olunacaq.

Diqqətə çatdırılıb ki, Qarrett, "Rezo Qabriadze Kukla Teatrı ", "İngiltərə Milli Baleti" və "Monte-Karlo Baleti"nin çıxışları Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) əsas proqramının yalnız bir hissəsini təşkil edir. Ümumilikdə, festival zamanı Azərbaycan, Birləşmiş Krallıq, İsrail, Kanada, Monako, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən görkəmli sənətkarları və truppaları bir araya gətirən müxtəlif janrlarda 20-dən çox tədbirin baş tutması planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol