İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı vəziyyətdən bəhs edən filmə reaksiya olaraq, İsrail ordusunu gözdən salan şəxslərin vətəndaşlıqdan məhrum ediləcəyini bildirib.
“AzPolitika” xəbər verir ki, söhbət İsrail ordusunun Qəzza zolağındakı fəaliyyəti ilə bağlı müxtəlif iddiaların yer aldığı “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Reyçel Şordan gedir. Film 12 sentyabrda 83-cü Venesiya Beynəlxalq Film Festivalında Münsiflər Heyətinin Xüsusi Mükafatına layiq görülüb.
"Birincisi, qanun layihəsi İsrail Müdafiə Ordusunun əsgərlərini ləkələyən hər kəsi vətəndaşlıqdan məhrum edəcək, ikincisi isə böhtanın vurduğu ziyana görə kompensasiya məbləğini iyirmi dəfə artıraraq onların cibinə ziyan vuracaq. Beləliklə, biz onların həm cibinə, həm də vətəndaşlığına zərbə vuracağıq, çünki onların aramızda yeri yoxdur", - Baş nazir deyib.
Filmdə İsrail hərbi və kəşfiyyat strukturlarında çalışmış 24 şəxsin anonim müsahibələrinə yer verilir. Rejissorların təqdimatına görə, müsahibələrdə Qəzzada hədəflərin müəyyənləşdirilməsi və hərbi əməliyyatlar zamanı mülki itkilərlə bağlı yanaşmalardan bəhs olunur.
İsrail Müdafiə Qüvvələri filmdə səsləndirilən iddiaları qəbul etmir və materialın şəxsiyyəti açıqlanmayan mənbələrin ifadələrinə əsaslandığını bildirir.
“NAZA” filmi İsraildə də müxtəlif reaksiyalara səbəb olub. İsrailin mədəniyyət naziri Miki Zohar daha əvvəl filmin yaradıcılarının vətəndaşlıqdan məhrum edilməsini tələb etmişdi. Netanyahu isə son açıqlamasında məsələ ilə bağlı qanunvericilik təşəbbüslərinin hazırlanacağını bildirib.
Qeyd edək ki, “NAZA”nın yaradıcıları Yuval Abraham və Reyçel Şor daha əvvəl “No Other Land” sənədli filminə görə “Oskar” mükafatına layiq görülüblər.
"AzPolitika.info"


Şərhlər