Rusiya Prezidenti Vladimir Putin sentyabrın 17-də imzaladığı fərmana əsasən, ölkədə fəaliyyət göstərən bir sıra nəhəng xarici şirkətlərin aktivləri müvəqqəti xarici idarəçiliyə verilib. Bunların arasında dünyanın ən böyük qida istehsalçısı "Nestle", Fransanın məşhur hipermarketlər şəbəkəsi "Aşan" və tikinti materialları şəbəkəsi "Leroy Merlin"in keçmiş Rusiya bölməsi ("Le Monlid" MMC) yer alır.
Xarici şirkətlərin aktivlərinə müvəqqəti idarəçi kimi "L.E.V. Menedjment" MMC təyin edilib. Lakin diqqətçəkən məqam bu idarəçi şirkətin göstəriciləridir. Şirkət Moskvada 2 il əvvəl - 2024-cü ildə qeydiyyatdan keçib və mikromüəssisə statusuna malikdir. Nizamnamə kapitalı cəmi 15 min rubldur (təxminən 300 manat).
Fəaliyyət sahəs kimi biznes-konsaltinq göstərilib. Şirkətin baş direktoru Andrey Vyaçeslavoviç Krayuşkindir. O, Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarə rəisinin birinci müavini vəzifəsində çalışmış şəxslə eyni ad və soyadı daşıyır.
Məlumata görə, avqustun 17-də "KS-Logistika" MMC "Nestle"nin Rusiyadakı 5 strukturunun xarici idarəçiliyə verilməsi xahişi ilə ölkə rəhbərliyinə müraciət etmişdi. Ekspertlərin fikrincə, müvəqqəti idarəçilik mexanizmi mülkiyyətçinin tam dəyişdirilməsi üçün ilk addımdır.
Qeyd edək ki, "Aşan" şəbəkəsi artıq 2024-cü ildə Rusiya bazarından çıxdığını və aktivlərini satmaq niyyətində olduğunu bəyan etmişdi. Lakin son fərmanla bu nəhəng aktivlər faktiki olaraq dövlətin nəzarətinə keçmiş oldu.
Rasim
“AzPolitika.info”


Şərhlər