Sentyabrın 17-də Rusiya və Ukrayna arasında mülki şəxslərin dəyişdirilməsi prosesi baş tutub. Mübadilə Ukrayna ilə Belarus sərhədində yerləşən "Novaya Quta" sərhəd-keçid məntəqəsində reallaşıb.
Belarusun "BelTA" agentliyinin məlumatına görə, mübadilə çərçivəsində 15 nəfər Ukraynaya qaytarılıb, Ukrayna tərəfi isə 3 Rusiya vətəndaşını qarşı tərəfə təhvil verib. Qeyd olunur ki, dəyişdirilən şəxslərin hamısı yaşlı və hərəkət imkanları məhdud olan insanlardır.
Ukraynaya qayıdan təqaüdçülərdən biri mediaaya açıqlamasında gərginliyin bitməsini arzulayaraq deyib: "Belarusun Rusiyanı və Ukraynanı barışdırması çox yaxşı olardı. Sülh gəlsin ki, biz də qorxmadan, rahat yata bilək".
Məlumata görə, həmin gün "Novaya Quta" məntəqəsində eyni zamanda hərbi əməliyyatlar zamanı həlak olmuş hərbçilərin cəsədlərinin dəyişdirilməsi də həyata keçirilib.
Ukraynanın Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı 252 həlak olmuş hərbçinin cəsədini təhvil aldığını bildirib. Rusiya tərəfinə isə 23 hərbçinin cəsədi qaytarılıb.
“AzPolitika.info”


Şərhlər