Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir İran rəsmilərini husilərin Səudiyyə Ərəbistanına hücumlarının qarşısını almağa çağırıb.
Pakistan rəsmiləri Tehrana bildiriblər ki, Səudiyyə Ərəbistanı “Məkkə sazişi”nə əsasən rəsmi müraciət edərsə, İslamabad ölkənin müdafiəsi üçün tədbir görməyə məcbur qalacaq.
Bəs Səudiyyənin belə bir müraciət ehtimalı nə qədər realdır? Pakistan İrana qarşı müharibəyə qoşula bilərmi və bu halda regionda nələr yaşanacaq?
Mövzunu "Azpolitika"ya şərh edən politoloq Taleh Əliyev bildirib ki,
Yaxın Şərqdə davam edən hərbi qarşıdurmalar fonunda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının iştirakı ilə yeni güc blokunun formalaşması məsələsi gündəmə gəlir:
"Hazırda Yaxın Şərqdə vəziyyət kifayət qədər gərgindir. İran-İsrail qarşıdurması tam şəkildə başa çatmayıb. Eyni zamanda İsrail ilə Hizbullah və HƏMAS arasında döyüşlər davam edir. Suriyada da tam sabitlik təmin olunmayıb. Bundan başqa, İranla digər regional aktorlar arasında gərginlik müşahidə olunur. Yəməndə husilərin Səudiyyə Ərəbistanına qarşı fəaliyyəti və Yəmən hökuməti ilə "Ənsər Allah" hərəkatı arasındakı qarşıdurma da regiondakı təhlükəsizlik vəziyyətinə təsir göstərir. Belə bir şəraitdə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının hərbi imkanlarının daha sıx koordinasiya olunması regionda yeni hərbi-siyasi reallıq yarada bilər".
Mütəxəssis hesab edir ki, Pakistanın mümkün hərbi müdaxiləsi münaqişənin coğrafiyasının daha da genişlənməsinə səbəb olacaq:
"Pakistanın nüvə dövlət olması isə belə bir ssenarinin risklərini artıran amillərdən biri kimi qiymətləndirilir. Mümkün hərbi əməkdaşlıq çərçivəsində kəşfiyyat məlumatlarının mübadiləsi, silahlı qüvvələr arasında koordinasiya, hərbi texnologiyalardan istifadə və hərbi birləşmələrin hazırlanması kimi istiqamətlər ön plana çıxa bilər. Həmçinin qarşıdurmanın məzhəb amili üzərindən genişlənməsi ehtimalına da diqqət çəkmək mümkündür. Müharibənin məzhəb qarşıdurması formasına keçməsi yalnız müharibədə iştirak edən ölkələrə deyil, dünyanın müxtəlif yerlərində yaşayan müsəlman icmalarına da təsir göstərə və gərginliyi artıra bilər. Bununla yanaşı İran tərəfi üçün belə bir hərbi-siyasi proses ölkə daxilində toparlanmaq və xaricdə yaşayan şiə icmaları üzərində təsir imkanlarını artırmaq baxımından müəyyən əhəmiyyət daşıyar".
Politoloqun fikrincə, müharibənin genişlənməsində maraqlı olan xarici qüvvələrin də mövcudluğu mümkündür:
"Bu baxımdan Səudiyyə Ərəbistanı, Pakistan və digər ölkələrin hərbi imkanlarının hansı formada istifadə ediləcəyi qarşıdakı proseslərin istiqamətinə təsir göstərəcək. Xüsusilə Pakistanın münaqişəyə birbaşa müdaxiləsinin daha genişmiqyaslı və təhlükəli qarşıdurmaya yol aça biləcəyini realdır".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər