Müxalifət qəzetləri artıq vitrinə düzülür və köşklərə verilən qəzetlərin sayında artım var
Paytaxtdakı yeni köşklərdə qəzet probleminin həll olunmasına başlanılıb. Noyabrın 26-də baş çəkdiyimiz köşklərdə artıq qəzetlərin satıldığının və vitrinə düzüldüyünün şahidi olduq. Paytaxtda ona yaxın köşkdə apardığımız monitorinqlər göstərdi ki, artıq burada qəzet satışı bərpa olunub. “Əhmədli” metro stansiyasının qarşısındakı köşklərdə “Yeni Müsavat”, “Azadlıq” və “Bizim yol” qəzetlərinin sonuncu sayı vitrinə düzülüb.
Satıcı deyir ki, artıq onlara qəzetləri görünən yerə düzmək tapşırığı verilib: “Görünən yerə düzürük və satılır”. Həmçinin digər qəzetlərin də sonuncu sayı vitrindədir. “Qara Qarayev” metro stansiyasının qarşısındakı köşklərdə işləyən satıcılar isə deyirlər ki, artıq onlara verilən qəzetlərin sayında da artım var: “Əsasən müxalifət qəzetlərinin sayı artırılıb. Bu gün hər qəzetdən 10 ədəd gəlib, əvvəl 2-3 ədəd gətirilirdi. Vitrinə qoyulmasına da heç bir maneçilik yoxdur”.
Söhbətləşdiyimiz bütün satıcılar artıq dövlət başçısının yeni köşklərlə bağlı fikirlərindən xəbərdar olduqlarını bildirirlər. Onların sözlərinə görə, artıq onlara bütün qəzetləri vitrinə yerləşdirmək tapşırığı verilib: “Biz də belə edirik, bu gün ona yaxın ”Yeni Müsavat" qəzeti satmışam". Bəzi satıcılar isə deyirlər ki, onlara əvvəl qəzetləri satmamaq barədə xəbərdarlıq edildiyindən, müxalifət qəzetlərini vitrinə düzmürdülər: “Həm də gələn olanda deyirdik ki, satılıb, aldığımız müxalifət qəzetlərinin sayı da elə çox olmurdu- iki-üç dənə”. Bununla belə, satıcılar köşklərdə başqa əşyaların satılmasının qarşısının alınacağından narahatdırlar: “Biz bu köşkləri icarəyə götürmüşük, təkcə qəzet satmaqla icarə haqqını heç verə bilmərik. Amma əgər məsləhətdirsə, elə də olacaq”.
“Qasid” Yayım Firmasının köşklərində də qəzet satışı normallaşır. Satıcılar bildirirlər ki, onlara verilən qəzetlərin sayı bir qədər artırılıb.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyevə bir neçə gün əvvəl “Jurnalistlərin dostu” mükafatının təqdimatı zamanı qəzet yayımına qoyulan qadağa və köşklərdə qəzet satılmaması kimi problemlər də qaldırılıb. Tədbirdə ölkə mətbuatının problemlərinə də toxunulub, qəzetlərin yayımına yaradılan əngəllərlə bağlı İlham Əliyevə məlumat verilib.
Dövlət başçısının məsələyə reaksiyası sərt olub. “Əgər kimlərsə qəzet satışını məhdudlaşdırırsa, buna yol vermək olmaz, bu, dözülməz haldır”, - deyən prezident məsələnin həllinə göstəriş verib. Dövlət başçısı deyib: “Ölkəyə yeni köşklərin gətirilməsi ilə bağlı çıxış etmişdim. Köhnə köşklər dəyişdirilməli idi. Lakin mən də şəhərin müəyyən yerlərində olarkən bu köşklərin ətrafının sanki bazara çevrildiyini müşahidə etdim. Maraqlandıqdan sonra məlum oldu ki, bu köşklərdə çox vaxt uyğun olmayan əşyalar satılır. Ciddi şəkildə tapşırıq verdim ki, bu neqativ hallar aradan qaldırılsın. Düşünürəm ki, qəzet satışı üçün heç bir problem ola bilməz. Əgər bu varsa, dərhal aradan qaldırılmalıdır”.(musavat.com)


Şərhlər