Menu

“Azərbaycan bu məsələlərdə zəif ola bilməz...” - Fərid Şəfiyev

21.09.2026, 10:53
“Azərbaycan bu məsələlərdə zəif ola bilməz...” - Fərid Şəfiyev

Bizə həmişə, xüsusilə diplomatik müstəvidə, belə ittihamlar irəli sürülür ki, guya Azərbaycan ərazisindəki erməni kilsələrini albanlaşdırmağa çalışırıq. Buna tarixçilərimiz və kilsə tarixi ilə məşğul olan mütəxəssislərimiz tam cavab verməlidirlər”.

“AzPolitika” xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə deyib.

“Burada emosiyalara qapılmaq lazım deyil. Azərbaycan ərazisində erməni kilsələri də var, xristian kilsələri də. Məsələn, Bakının mərkəzində erməni kilsəsinin olduğunu hamımız bilirik.

Bizim mövqeyimiz ondan ibarət deyil ki, Azərbaycan ərazisində mövcud olmuş bütün xristian irsini özümüzünkü hesab edək.

Əsas problem ondan ibarətdir ki, Qafqaz Albaniyasının tarixinin inkar edilməsi və onun tamamilə erməni tarixi kimi təqdim olunması cəhdləri var. Qafqaz Albaniyasının tarixinin bu bölgənin xristian irsi və tarixi ilə bağlı mühüm yeri var. Buna görə də məsələyə elmi əsaslarla, emosiyalara varmadan cavab vermək lazımdır”, - o bildirib.

F.Şəfiyev Qafqaz Albaniyasının araşdırılmasında qədim erməni dili – qrabarın, eləcə də gürcü və erməni dillərinin öyrənilməsinin vacibliyini vurğulayıb: “Gürcü dili, erməni dili və ümumilikdə Qafqazşünaslıq Azərbaycanda gücləndirilməlidir. Biz bu sahələrə sahib olmadan digərləri sahib olurlar və tarixi falsifikasiya edirlər”.

O qeyd edib ki, Azərbaycan sülh və regional əməkdaşlıq siyasətini davam etdirməklə yanaşı, tarixi və elmi məsələlərdə də fəal olmalıdır: Azərbaycan bu məsələlərdə zəif ola bilməz. Qarşı tərəfdə bu məsələlərlə hələ də aktiv məşğul olan qüvvələr var. Ona görə tarixi və elmi istiqamətləri daim diqqətdə saxlamalıyıq. Azərbaycanın kursu sülhdür, regionda əməkdaşlıq və ticarətin inkişafıdır, amma bu, tarixi məsələlərdə fəallığımızı azaltmamalıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol