Menu

PREZİDENT BOYKOT EDİLDI, SƏSİ EFİRƏ VERİLMƏDI - Ağ Ev cavab verdi + VİDEO

22.09.2026, 10:11
PREZİDENT BOYKOT EDİLDI, SƏSİ EFİRƏ VERİLMƏDI - Ağ Ev cavab verdi + VİDEO

Trampla böyük media qurumları bir-birinə savaş açdı

ABŞ Prezidenti Donald Trampla ölkənin aparıcı media qurumları arasında əsl savaş başlayıb. Buna Trampın “CNN”, “MS NOW” və “Politico” müxbirlərinin Ağ Evə girişini qadağan etmək qərarı səbəb olub. Tramp onları saxta məlumat yaymaqda ittiham edərək, Ağ Evə buraxılmayacaqlarını bəyan edib.

Qərb mediasının məlumatına görə, Tramp bu qərarı köməkçisi Natali Qarpın ona həmin media orqanlarında gedən prezidentə qarşı tənqidlərin yer aldığı materialları təqdim etməsindən sonra verib.

Lakin Trampın bu radikal qərarı, gözlənilmədən Ağ Evlə digər aparıcı media qurumları arasında da əsl qarşıdurma yaradıb. Belə ki, digər əsas televiziya şəbəkələri – “ABC”, “CBS”, “NBC” və hətta mühafizəkar və Trampa yaxın hesab edilən “Fox News” belə “CNN”-in tərəfini tutaraq, ABŞ Prezidentini boykot etmək qərarına gəliblər.

Onların bununla bağlı birgə bəyanatında deyilir: “İctimaiyyət hökuməti haqqında dəqiq və müstəqil məlumat almağa həyati maraq göstərir. Heç bir administrasiya xəbər təşkilatının işini onun reportajı ilə razılaşmadığı üçün məhdudlaşdırmamalıdır".

Məsələ ondadır ki, ABŞ Prezidentinin fəaliyyətini televiziyada aparıcı mediaholdinqlərdən ibarət media hovuzu işıqlandırır. Buraya ABŞ-nin beş əsas kanalı – “ABC”, “CBS”, “CNN”, “NBC” və “Fox News” daxildir. Onlar prezident tədbirlərini növbə ilə işıqlandırırlar. Kamera operatorları, səs mühəndisləri, prodüserlər və müxbirlərdən ibarət komanda digər qlobal və ABŞ media qurumları ilə paylaşılan vahid video və audio yayım hazırlayır. 21 sentyabrda bunu etmək növbəsi CNN-də idi. Lakin Trampın məlum qərarına görə, kanal bunu edə bilməyib. Hovuza aid digər kanallar isə bu qərara etiraz olaraq və “CNN”-lə həmrəylik nümayiş etdirərək, onun əvəzinə həmin çıxışı və ümumilikdə Trampın çıxışlarını işıqlandırmaqdan imtina ediblər. Bununla da Trampın tədbirlərinin media hovuzu tərəfindən televiziya yayımı dayandırılıb. Nəticədə Trampın çıxışı prezident jurnalistlərinin boykotuna görə səssiz yayımlanıb və bu kadrlar bütün dünyanı dolaşıb. Prezidentin bu duruma salınması müasir ABŞ tarixində bir ilkdir...

Üstəlik, “CNN”, “MS NOW” və “Politico” Vaşinqtondakı federal məhkəmədə akkreditasiyalarının dərhal bərpa olunmasını tələb edərək birgə iddia qaldırıblar. Bu, Trampı hiddətləndirib və o, artıq işə baxmaq üçün təyin olunmuş hakim Timoti Kellini açıq şəkildə tənqid edib.

Eyni zamanda, sözügedən media qurumlarının redaksiya heyətləri Trampın jurnalistlərin Ağ Evdə işləməsini qadağan etməsi əmrindən sonra etiraz aksiyası keçiriblər.

Media qurumlarının bu reaksiyasını gözləməyən Ağ Ev əvvəlcə çaşqınlıq keçirsə də, sonradan vəziyyətdən çıxmaq üçün “YouTube” platformasına üz tutmalı olub. Belə ki, ABŞ Administrasiyası “YouTube”-da özünün 24 saatlıq xəbər kanalı olan “Tramp TV”-ni işə salıb. Platformada ilk olaraq, Donald Trampın iki ay əvvəl etdiyi çıxışın videosu yayımlanıb. Ağ Evin “YouTube” kanalında qeyd olunur ki, artıq “Tramp TV” Prezident Trampı əks etdirən "ən yaxşı videoları və ən vacib anları" tənqidi şərhlər olmadan 24/7 yayımlayacaq.

Trampın mətbuat katibi Kaelan Dorr isə bəyan edib ki, ”Tramp TV” administrasiyanın fəaliyyətinin əsas məqamlarının “canlı, senzurasız yayımını" təşkil edəcək. Onun sözlərinə görə, kanalda əsas xəbər agentlikləri tərəfindən işıqlandırılmayan hissələr nümayiş olunacaq. Dorr əlavə edib ki, "bəzi hallarda mətbuat administrasiyanın bütün amerikalılar üçün rekord qıran bir çox nailiyyətləri barədə qeyri-dəqiq məlumat verib və ya ümumiyyətlə məlumat verməyib".

Beləliklə, prezidentliyə sülh, barış, rifah, müharibələri bitirmək və s. vədlərlə gələn Tramp növbəti “müharibə”ni mediaya qarşı açıb. Müşahidəçilərin fikrincə, xüsusilə də noyabrda keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində bu savaş ona və Respublikaçılar Partiyasına olduqca baha başa gələ bilər. Əgər Tramp bu savaşı da İrandakı kimi aparsa, bunun sonunu proqnozlaşdırmaq olduqca çətin olacaq…

Cəlal Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol