Menu

YAQUB EYYUBOV TƏQAÜDƏ GÖNDƏRİLİR? - Dörd aya yaxındır görünmür

07.11.2026, 11:46
YAQUB EYYUBOV TƏQAÜDƏ GÖNDƏRİLİR? - Dörd aya yaxındır görünmür

Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov təqaüdə göndərilir.

“AzPolitika” Modern.az-a istinadən xəbər verir ki, Yaqub Eyyubov hazırda məzuniyyətdədir. Onun məzuniyyətinin dekabrda bitəcəyi bildirilir. Lakin Eyyubov məzuniyyətdən sonra işə çıxmaya da bilər. Belə ki, məlumatlı mənbənin bildirdiyinə görə, Baş nazirin birinci müavininin gələn ay təqaüdə göndəriləcəyi gözlənilir.

Onun son vaxtlar rəsmi tədbirlərdə görünməməsi də bununla əlaqələndirilir. Müşahidələrə görə, Y.Eyyubov sonuncu dəfə bu il iyulun 15-də Azərbaycanda səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrininin Heydər Əliyev Beynəlxalq Aeroportundan yolasalınma mərasimində iştirak edib.

Oktyabr ayında Bakı şəhəri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) ev sahibliyi edərkən də Yaqub Eyyubov diqqət çəkməyib. Oktyabrın 15-də başlayan AQEM-in VII Zirvə Görüşündə iştirak etmək üçün bir sıra ölkələrin dövlət və hökumət nümayəndələri Azərbaycana gəlib. Maraqlıdır ki, həmin vaxt Yaqub Eyyubov sammitə gələn yüksəkvəzifəli qonaqların heç birinin aeroportdakı qarşılanmasında iştirak etməyib.

Məsələn, İsrail Dövlətinin Prezidenti İshak Hersoqu Baş nazirin müavini Samir Şərifov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu isə Baş nazirin digər müavini Şahin Mustafayev qarşılayıb. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan prezidentlərinin qarşılanma mərasimində də Y.Eyyubov iştirak etməyib.

Doğrudur, Dövlət Protokolunun Əsas Qaydalarına görə, Azərbaycana rəsmi, işgüzar, yolüstü və qeyri-rəsmi səfər edən ali qonaqları Baş nazirin müavinləri, xarici işlər naziri və digər vəzifəli şəxslər də qarşılaya, yola sala bilər. Amma əvvəllər bu mərasimlərdə bir qayda olaraq Yaqub Eyyubov diqqət çəkdiyindən, son günlərdə onun yoxa çıxması bəzi suallar doğurub.

Yeri gəlmişkən, noyabrın 4-ü Nazirlər Kabinetində Baş nazir Əli Əsədov Azərbaycanda səfərdə olan Rusiya, Belarus, Özbəkistan, Qırğızıstandan olan nazir və nazir müavinlərilə görüşüb. Bu görüşdə Baş naziri onun yeni mavini Teymur Musayev müşayiət edib, Yaqub Eyyubov yenə görünməyib.

Qeyd olunur ki, Yaqub Eyyubov təqaüdə yola salınandan sonra onun vəzifəsinə hazırda Baş nazirin müavini postunu tutan Samir Şərifov gətirilə bilər.

Elə keçmiş səhiyyə naziri Teymur Musayevin bir neçə gün öncə Baş nazirin müavini təyin edilməsi də bu məsələ ilə əlaqələndirilir. Bildirilir ki, Yaqub Eyyubov təqaüdə yola salınandan sonra Baş nazirin müavinlərini əvvəlki sayda (üç nəfər) saxlamaq üçün Teymur Musayevə Nazirlər Kabinətində yüksək vəzifə verilib.

Qeyd edək ki, Yaqub Eyyubov hazırda 81 yaşındadır. O, 24 oktyabr 1945-ci ildə anadan olub. 1999-2003-cü illərdə AR Nazirlər Kabinetində Baş nazirin müavini vəzifəsini tutub. 2003-cü ildən indiyədək Baş nazirin birinci müavinidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol